Tokionun “Minato UNESCO” qeyri-hökumət təşkilatında Azərbaycana həsr edilmiş təqdimat maraqla qarşılanmışdır
Azərbaycanın Yaponiyadakı səfiri G.İsmayılzadə Tokionun “Minato UNESCO” qeyri-hökumət təşkilatında ölkəmizə həsr edilmiş təqdimatla çıxış etmişdir.
Bu təşkilat Yaponiyada mədəniyyətlərarası dialoq ilə bağlı seminarlar və beynəlxalq simpoziumlar keçirir. G.İsmayılzadə təşkilatda çıxış edən ilk əcnəbi səfir olmuşdur.
Tədbirdə işgüzar dairələrin təmsilçiləri, bir sıra universitetlərin professor və tələbə heyəti, Tokio ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə “Minato UNESCO” təşkilatının direktoru xanım Yoşiko Naqato çıxış edərək, Azərbaycan haqqında təqdimata görə minnətdarlığını bildirmiş, ölkəmiz barədə həqiqətlərin öyrənilməsinə imkan yaratdığına görə səfirə dərin təşəkkürünü çatdırmışdır.
Azərbaycan haqqında təqdimatla çıxış edən səfir təbdir iştirakçılarını 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi münasibətilə təbrik etmişdir. Səfir 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi namizəd şəhərlər siyahısında Azərbaycan paytaxtı Bakının da olduğu barədə məlumat vermiş, 2015-ci ildə ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçiriləcəyini diqqətə çatdırmışdır. Bundan əlavə, səfir UNESCO-nun Bakıda keçirilmiş beynəlxalq konfransı zamanı yapon mətbəxi “Vaşoko”nun UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına salınması münasibətilə də təbriklərini çatdırmışdır.
Təqdimatda Azərbaycan rəhbərliyi tərəfindən atılmış addımlar nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilmişdir. Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə reallaşdırılacaq müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə ətraflı danışılmışdır. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunmuşdur. Səfir ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən müxtəlif tədbirlər barədə də ətraflı məlumat vermişdir.
Daha sonra Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. G.İsmayılzadə Azərbaycan ilə UNESCO arasında hərtərəfli səmərəli əlaqələrin inkişafında Mehriban Əliyevanın xidmətlərini qeyd edərək, onun Azərbaycanın mədəni irsinin və xalqımızın adət-ənənələrinin dünyada təbliğinə xüsusi diqqət yetirdiyini və mədəniyyət nümunələrinin mühafizəsi və milli dəyərlərin qorunması istiqamətində səylərini xüsusilə qeyd etmişdir.
Ənənəvi musiqi, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü haqqında məlumat verilmişdir.
Azərbaycan muğamının, xalçasının, aşıq, tar ifaçılığı sənətinin, Novruz bayramının, Çovqan oyununun UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsi barədə danışılmışdır. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığı haqda məlumat verilmişdir. Səfirliyin təşəbbüsü ilə yapon dilində nəşr edilən “İRS” jurnalının dördüncü buraxılışında Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsinin dərc edildiyini bildirən səfir məqalədə muğam sənətinin, Azərbaycan muğam məktəbinin və onun görkəmli nümayəndələri, Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında geniş məlumat verildiyini diqqətə çatdırmışdır. Jurnalın nüsxələri tədbir iştirakçılarına paylanılmışdır.
Bildirilmişdir ki, Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.
Tədbirdə, eyni zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında geniş danışılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumu, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə də iştirakçılara ətraflı məlumat verilmişdir.
Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini və turizm potensialını əks etdirən slaydlar və videorolik nümayiş etdirilmişdir.
Sonda səfir G.İsmayılzadə tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
AzərTac.az