Tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirilib

Posted by

Tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirilib

Tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirilib

 

Tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirilib

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib. AzərTAc xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub. Yarışın açılışında Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək bildirib ki, tədbirin Ulu Öndərin nitqi ilə açılması, hər birimizə bu mesajın verilməsi gələcək fəaliyyət prinsiplərimizin müəyyənləşməsində olduqca böyük əhəmiyyət kəsb edir. Bu bilik yarışı həm də formatına və məzmununa görə fərqlidir. Ulu Öndərin və ölkəmizin adı ilə bağlı olan yarış həm ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, həm də Azərbaycanın əsas tarixi hadisələrini əhatə edir. Azərbaycan tarixinin böyük bir hissəsi Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədini daşıyır. Mərkəzin fəaliyyətindən söz açan A.Kərimli deyib ki, bu qurumun əsas vəzifəsi Heydər Əliyev irsinin dərindən öyrənilməsi, araşdırılması və geniş təbliğ edilməsidir. Yarışın Konstitusiya Günündə keçirildiyini diqqətə çatdıran A.Kərimli bu mühüm dövlət sənədinin qəbulunda, onun layihəsinin hazırlanmasında Ulu Öndərin böyük rolunu xüsusi vurğulayıb. Yarışda ölkənin 44 ali təhsil müəssisəsindən bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 264 tələbə iştirak edib. Üç turdan ibarət yarışda səsləndirilən suallar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və foto materiallar əsasında tərtib olunub. Yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar. Bilik yarışının yekununda Bakı Slavyan Universitetinin komandası 35 xalla birinci, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının komandası 32 xalla ikinci, Lənkəran Dövlət Universitetinin komandası 31 xalla üçüncü yerləri tutublar. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bütün iştirakçılara sertifikat verilib.

 

AzərTac.az