İtaliyanın “İl Caffe Geopolitico” portalı Dağlıq Qarabağ münaqişəsindən bəhs edib

Posted by

İtaliyanın “İl Caffe Geopolitico” portalı Dağlıq Qarabağ münaqişəsindən bəhs edibİtaliyanın “İl Caffe Geopolitico” portalı Dağlıq Qarabağ münaqişəsindən bəhs edib

İtaliyanın “İl Caffe Geopolitico” portalı Dağlıq Qarabağ münaqişəsindən bəhs edib

İtaliyanın “İl Caffe Geopolitico” portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib.

Məqalədə bildirilir ki, donmuş münaqişələr sırasında olan Dağlıq Qarabağ probleminin kökləri hələ 1980-ci illərin sonlarına təsadüf edir. Qanlı müharibə ilə nəticələnən bu gərginlik on minlərlə insanın həyatına son qoyub, bir milyon azərbaycanlının məcburi köçkünə və qaçqına çevrilməsinə səbəb olub. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair razılıq əldə edilsə də, bu rejimə heç vaxt tam əməl olunmayıb. Problemin həlli istiqamətində bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu səy göstərir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal geri çəkilmələri barədə dörd qətnamə qəbul edib. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam edir.

Məqalədə diqqətə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsi regionun geosiyasi tarazlığına böyük təsir göstərir. Müəllif yazır: “Əslində beynəlxalq hüququn prinsipləri bu münaqişənin həllində açar rolunu oynayır. Belə ki, qondarma “Dağlıq Qarabağ Respublikası” dünyada heç bir dövlət və beynəlxalq birlik tərəfindən tanınmayıb. Azərbaycan haqlı olaraq bu qondarma rejimin danışıqlarda üçüncü tərəf kimi iştirakına hər zaman etiraz edir, Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb edir”. Azərbaycanı və Ermənistanı iqtisadi inkişaf göstəricilərinə görə müqayisə edən müəllif bildirir: “Azərbaycanda son on ildə inanılmaz inkişaf prosesi müşahidə olunur. Ermənistanda isə bu göstəricilər Azərbaycandan dəfələrlə aşağıdır”.

Müəllif fikirlərini bu sözlərlə yekunlaşdırır: “Bu bir həqiqətdir ki, Azərbaycan Şərq-Qərb enerji dəhlizində fundamental rola malikdir. Bu amil Cənubi Qafqaz bölgəsinə olan münasibətə və böyük dövlətlərin mövqeyinə təsirsiz ötüşmür”.

 

AzərTac.az