İspaniya mətbuatında Xocalı soyqırımı barədə materiallar verilmişdir

Posted by

İspaniya mətbuatında Xocalı soyqırımı barədə materiallar verilmişdir

İspaniya mətbuatında Xocalı soyqırımı barədə materiallar verilmişdir

İspaniya mətbuatında Xocalı soyqırımı barədə materiallar verilmişdir

Xocalı soyqırımı İspaniya mətbuatında geniş işıqlandırılmışdır. İspaniyanın nüfuzlu “EFE” agentliyinin, “W Radio” dalğasının internet saytlarında və eləcə də YouTube-nin ispandilli səhifələrində və videoportallarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli hadisələrdən bəhs edilir.

“EFE” agentliyinin redaktoru, tanınmış jurnalist Karmen Klara Rodriges Alonsonun müəllifi olduğu 7 dəqiqəlik videoxəbərdə ispandilli ictimaiyyətə bir gecədə baş verən dəhşətlər və faciə qurbanları barədə geniş məlumat verilir.

Tanınmış jurnalist süjetdə ölkəmizə səfəri və Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri, səbəbləri və nəticələri barədə dediklərini və azərbaycanlıların yaşadıqları dəhşətləri bütün çılpaqlığı ilə göstərməyə çalışır. Bildirilir ki, illərdir davam edən münaqişənin ən qanlı səhifəsi olan Xocalı qətliamında 613 insan həyatını itirmişdir ki, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Xocalı sakinlərindən 1257 nəfəri əsir götürülmüş, 105 nəfəri itkin düşmüşdür.

Müəllif, həmçinin doğma el-obasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyatı barədə də ispan ictimaiyyətinə ətraflı məlumat verir. Bildirilir ki, bu insanlar hökumət tərəfindən tikilmiş mənzillərdə və yataqxanalarda yerləşdirilsələr də, hər bir məcburi köçkünün ən böyük arzusu doğma elinə qayıtmaqdır.

Süjetdə Xocalı soyqırımının canlı şahidləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən dəhşətlərdən danışır. Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, habelə qurumun Baş Məclisinin, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in, NATO-nun, İƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişəyə dair sənədlərinin təəssüflər olsun ki, indiyədək kağız üzərində qaldığını qeyd edir.

İspaniyanın ən nüfuzlu informasiya agentliyi “EFE”-də yayımlanan 7 dəqiqəlik “Minsk qrupu münaqişənin həlli ilə bağlı heç nə etmir” (“Desplazados azerbaiyanos reclaman sus tierras ante la inactividad de Minsk”) adlı videoxəbərdə AzərTAc-ın videomateriallarından istifadə edilmişdir.

 

Trend.az