ƏƏSMN: Sumqayıt və Gəncədə tələbə və məzunlara 500-dən artıq vakant iş yeri təqdim edilib

Posted by

ƏƏSMN: Sumqayıt və Gəncədə tələbə və məzunlara 500-dən artıq vakant iş yeri təqdim edilib

ƏƏSMN: Sumqayıt və Gəncədə tələbə və məzunlara 500-dən artıq vakant iş yeri təqdim edilib

ƏƏSMN: Sumqayıt və Gəncədə tələbə və məzunlara 500-dən artıq vakant iş yeri təqdim edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirlərini mayın 23-də Sumqayıt və Gəncə şəhərlərində davam etdirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Dövlət Universitetində keçirilən aktiv məşğulluq tədbirində 3-ü dövlət, 26-ı qeyri-dövlət sektoruna aid ümumilikdə 29 müəssisə iştirak edib. Onların sırasında Sumqayıt Texnologiyalar Parkı, “Gilan Tekstil Park”, “Bismak” Qida-Sənaye Kompleksi, BASF Kimya Şirkəti, “İntertextile” ASC, “Azərsun” Holdinqin Azərbaycan kagız və karton istehsalı kombinatı, “Mətanət-A” Şirkəti, “Azbentonit” MMC və digər iri şirkətlər də olub. Tədbir zamanı universitetdə tədris edilən ixtisaslara uyğun 192 boş (vakant) iş yeri tələbə və məzunlara təklif olunub. Onlardan 79-u sənaye, 54-ü xidmət, 23-ü tədris, qalanları isə digər sahələrə aiddir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində gənclərdə əmək bazarına daxil olmaq və karyera qurmaq bacarıqları formalaşdıran “SYSLAB” Sumqayıt Mərkəzi də tədbirdə iştirak edib.

Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbə və məzunları üçün təşkil edilən aktiv məşğulluq tədbirində isə 16-ı qeyri-dövlət sektoruna aid 53 müəssisə tərəfindən 350 boş (vakant) iş yeri təqdim olunub. Hər iki tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığına cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən tələbələr üçün Əmək Birjasının fəaliyyəti təşkil olunub.

Tədbirlər zamanı tələbə və məzunlar mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlanıblar. Onlar işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət imkanı əldə edib, gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər. İşəgötürənlər isə bu tədbirlər vasitəsilə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması imkanı qazanıblar.

Cari ilin aprel-may aylarında artıq “Odlar Yurdu” Universitetində, Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə), Qafqaz Universitetində belə tədbirlər keçirilib və ümumilikdə 511 nəfərə boş iş yerlərinə göndəriş verilib, 113 nəfər peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyata alınıb, işəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün 1842 nəfər tələbə və məzundan CV-lər qəbul edilib. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən aktiv məşğulluq tədbirlər davam etdiriləcəkdir.

 

Trend.az