ƏƏSMN-də “Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib

Posted by

ƏƏSMN-də "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib

ƏƏSMN-də “Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib

ƏƏSMN-də "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə “Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda ƏƏSMN, KİVDF-nin məsul şəxsləri, ölkənin aparıcı KİV-lərinin rəhbərləri iştirak edib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin nazirlik qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq, əmək və sosial müdafiə sistemində aparılan islahatlardan söz açıb: “Nazirliyin xidmət sektorları geniş bir əhali kontingentini əhatə edir və bizim apardığımız islahatlar da xidmət sahələrində müasir iş üsulları əsasında şəffaflığın təmin olunmasına yönəldiyindən daim cəmiyyətin maraq dairəsindədir. Biz də fəaliyyətimizi buna uyğun quraraq, nazirlikdə aparılan işlər barədə ictimaiyyətin davamlı şəkildə və dolğun məlumatlandırılmasını, bu məqsədlə KİV-lə əməkdaşlığı diqqətdə saxlayırıq”.

ƏƏSMN-nin və KİVDF-in birgə fərdi jurnalist yazıları müsabiqəsinin də qeyd olunanlar baxımından xüsusi önəm kəsb etdiyini bildirən S.Müslümov müsabiqədə 5 istiqamət üzrə təqdim olunan mövzuların əsasən islahat sahələrinə aid olduğunu vurğulayıb: “Müsabiqədə əsas məqsəd vətəndaşların əmək və sosial müdafiə hüquqları, bu hüquqların təminatı sahəsində müasir iş üsullarının tətbiqi ilə bağlı aparılan islahatlar barədə KİV vasitəsilə cəmiyyətin daha geniş məlumatlandırılmasıdır. Eyni zamanda, bu müsabiqə nazirliyin fəaliyyət sahələri üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına, digər tərəfdən KİV nümayəndələrinin həmin mövzularda biliklərinin, səriştələrinin artırılmasına xidmət edir”. Nazir müsabiqədə uğur qazanmış jurnalistləri bu münasibətlə təbrik edib, onlara, eləcə də müsabiqəyə qatılmış bütün jurnalistlərə yaradıcılıq uğurları arzulayıb.

KİVDF-in icraçı direktoru Vüqar Səfərli milli mətbuatın inkişaf tarixindən söz açaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində KİV-lərin maddi-texniki problemlərinin aradan qaldırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yeni mənzillərlə təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. V.Səfərli bildirib ki, cənab Prezidentin fərmanı ilə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu il ərzində KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqələr elan edir. Həmçinin ayrı-ayrı icra orqanları ilə birlikdə jurnalistlər arasında fərdi yazı müsabiqələri təşkil olunur.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son vaxtlarda ƏƏSMN-nin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində çox mühüm islahatlar aparılmaqla yanaşı, nazirliyin KİV-lə fəal əməkdaşlığının qurulmasının da xüsusi önəm daşıdığını vurğulayıb. Ə.Amaşov bu gün jurnalistlərin bu və ya digər aidiyyatı fəaliyyət sahəsi üzrə məlumat əldə edə bildiyi ƏƏSMN-nin eyni zamanda belə müsabiqələrin təşkilinə, jurnalistlərin sosial mövzular üzrə ixtisaslaşmasına dəstək verməsini yüksək dəyərləndirib.

Konfransda ƏƏSMN və KİV arasında qarşılıqlı əməkdaşlığa dair fikir mübadilələri aparılıb. Daha sonra V.Səfərli ƏƏSMN-nin və KİVDF-in birgə fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. O, bildirib ki, müsabiqədə hər istiqamətə dair 3 mövzu olmaqla, 5 istiqamət üzrə ümumilikdə 15 mövzu təqdim olunub.

Müsabiqəyə təqdim edilən 62 yazı ƏƏSMN-nin aidiyyatı mütəxəssisləri tərəfindən obyektiv tərzdə qiymətləndirilib. Beləliklə, müsabiqənin nəticələrinə uyğun olaraq, 5 istiqamətin hər biri üzrə I-II-III yerləri tutmuş ümumilikdə 25 nəfər qalibə pul mükafatları (I yer – 1000 manat, II yer – 700 manat, III yer – 500 manat) və xüsusi diplomlar, həvəsləndirici mükafatlar (200 manat) və təşəkkürnamələr verilməsi qərara alınıb.

Tədbir müsabiqə qaliblərinin mükafatlandırılması, habelə həvəsləndirici mükafatların təqdim olunması ilə yekunlaşıb.

 

Trend/az