ƏƏSMN bp şirkəti ilə əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdi

Posted by

ƏƏSMN bp şirkəti ilə əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdi

ƏƏSMN bp şirkəti ilə əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdi

 

 

 

 

ƏƏSMN bp şirkəti ilə əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdi

Dekabrın 19-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüş olub.

 

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurlarından söz açılıb.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu uğurların başa çatmaqda olan 2014-cü ildə də davam etdiyini vurğulayaraq deyib: “Bu ilin 11 ayı ərzində ölkə iqtisadiyyatında artım 2,2 faiz təşkil edib və son illərin müsbət tendensiyasının uğurlu davamı olaraq qeyri-neft sektorunda 6,5 faiz artım özünü göstərib. Eyni zamanda, əhalinin gəlirləri 4,7 faiz çoxalmaqla, hər nəfərə düşən gəlirin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz üstələyib”.

 

Nazir cari il iyulun 1-dən ƏƏSMN tərəfindən istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin ölkədə məşğulluq imkanlarının artdığı şəraitdə əmək bazarına dövlət nəzarətinin təkmilləşdirilməsində, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında əhəmiyyətini vurğulayıb.

 

S. Müslümov əmək və məşğulluq məsələlərinin həllində işəgötürənlərlə birgə fəaliyyətin qurulmasına, həmçinin Azərbaycan iqtisadiyyatında mühüm rola malik bp şirkəti ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb: “Böyük işçi qüvvəsini özündə birləşdirən bu şirkətlə əməkdaşlığımız da işçilərin əmək hüquqlarının təminatı, əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının hazırlanması və s. məsələləri əhatə edir. Xüsusən də milli qanunvericiliyin tələblərinə uyğun olaraq, işçi qüvvəsinə, həmçinin əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, sosial cəhətdən həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığının təşkili, ixtisaslarının artırılması hazırda əməkdaşlığımız üçün aktual məsələlərdəndir. Bu sahələri də əhatə edəcək əməkdaşlığa dair müvafiq Tədbirlər Planının hazırlanması diqqətdə saxlanılır.”

 

Q. Birrell isə təmsil olunduğu şirkətin işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində gördüyü işlərdən bəhs edib. O, bp şirkətində xüsusən gənclər üçün təlim və karyera imkanlarının yaradıldığını bildirib, o cümlədən şirkətin ƏƏSMN ilə qeyd olunan sahələrdə səmərəli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

 

Görüşdə işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin təşkili, yerli mütəxəssislərin şirkətin layihələri üzrə işlərə cəlb olunması və onların peşəkarlığının artırılması, kvota üzrə iş yerlərinin müəyyən olunması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və s. sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

AzərTac.az