Səlim Müslümov:Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir

Posted by

Səlim Müslümov:Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir Səlim Müslümov:Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir

Səlim Müslümov:Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir

Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İtaliyanın Turin şəhərində Avropa Şurasına (AŞ) üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə Avropa Sosial Xartiyası üzrə beynəlxalq konfransda deyib.

İki gün (17-18 oktyabr) davam edəcək tədbirin Nazirlər Sessiyasında Azərbaycanın sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsinin adından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

Bu tədbirin mövzusu olan sosial müdafiə və sosial birlik məsələsinin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik prioritetləri sırasında mühüm yer tutduğunu vurğulayan S.Müslümov cari ilin sentyabrinda ölkəmizin AŞ-na üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransa ev sahibliyi etdiyini qeyd edib:

“Konfrans iqtisadi böhran dövründə sosial birlik və Avropa sosial modeli, Avropa cəmiyyətlərində müxtəliflik, daha inkluziv cəmiyyətlər üçün cari və gələcək problemlər kimi mühüm mövzuların müzakirəsi və həll yollarının müəyyən olunması baxımından səmərəli oldu. Biz bu məsələlərlə bağlı davamlı dialoqun əhəmiyyətinə inanır və bu baxımdan Azərbaycan hökumətinin AŞ-nın sosial birliyə məsul nazirlərinin növbəti konfransının Bakıda keçirilməsinə hazır olduğunu bir daha bildiririk”.

Nazir bu gün sosial hüquqların təmin olunmasına ən böyük maneələr sırasında dağıdıcı müharibələri və etnik təmizləmələri qeyd edib. “Bunların nəticəsində milyonlarla insan qaçqın və məcburi köçkünlərə çevrilir ki, bu da dünyanın bir çox yerlərində, o cümlədən mənim ölkəmdə sosial birliyin təmin edilməsinə ciddi problem yaradır”.

S.Müslümov insan ləyaqətinin, firavanlıq və təhlükəsizliyinin təmin edilməsinə hərtərəfli yanaşmanın, insan hüquqları ilə yanaşı, sosial hüquqlara da eyni dərəcədə önəm verilməsinin vacibliyindən söz açıb, potensial həssas şəxslərin – ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, yoxsulların, işsizlərin və b. sosial hüquqlara çıxışının həyatı əhəmiyyət daşıdığını qeyd edib.

Nazir bildirib ki, AŞ Nazirlər Komitəsi bu məsələlərə xüsusi önəm verir:

“AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan AŞ-nın beynəlxalq və regional təşkilatlar, o cümlədən Aİ ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə xüsusi diqqət göstərir. Azərbaycan Hökumətinin Avropa Sosial Xartiyasına bağlılığını bir daha təsdiq etmək istəyirəm. Bizim Xartiyaya qoşulduqdan sonrakı 10 il Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox səmərəli olub. Ölkədə ÜDM 3,4 dəfə artıb, iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə respublikada 1 milyon 300 min yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi 5.3%-ə enib. Ölkə əhalisinin gəlirləri isə 6,5 dəfə artıb”.

S.Müslümov yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması səyləri ilə yanaşı, respublika hökumətinin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb:

“Hazırda ölkəmizdə 1 milyon 273 min nəfərdən çox vətəndaş pensiya ilə təmin olunub, eyni zamanda 491 min nəfər sosial yardım, 321 min nəfər sosial müavinət alır. Ümumiyyətlə, sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir”.

Nitqini yekunlaşdıran nazir konfransda səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib. Konfrans Avropada davam edən iqtisadi böhran şəraitində Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsi məsələlərinin müzakirəsi ilə davam edib.

 

Trend.az