Səlim Müslümov: “Azərbaycan miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya edib”

Posted by

Səlim Müslümov: “Azərbaycan miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya edib”

Səlim Müslümov: “Azərbaycan miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya edib”

Səlim Müslümov: “Azərbaycan miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya edib”

Əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxış edib

 

Səlim Müslümov: “Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması və bir milyondan artıq insanın doğma yurdlarından qovularaq məcburi miqranta çevrilməsi BƏT-in müvafiq prinsiplərinin icrasında ciddi maneədir”

 

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sessiyanın iyunun 4-də keçirilən plenar iclasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

 

Səlim Müslümov iclasın mövzusuna uyğun olaraq, miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların hüquqlarının təmin olunması ilə bağlı BƏT-in prinsiplərinin icrası sahəsində ölkəmizin malik olduğu uğurlu təcrübəni diqqətə çatdırıb. Nazir Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan dayanıqlı sosial-iqtisadi tərəqqi, həmçinin qeyri-neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin artımı barədə tədbir iştirakçılarına konkret göstəricilər əsasında məlumat verib: “Respublikada son on ildə iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard dollar təşkil edib ki, bu məbləğin 80 faizi xarici investisiyalardan ibarət olub. 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Ölkədə işsizlik 5 faizədək, yoxsulluq səviyyəsi isə 5,3 faizədək azalıb”.

 

Nazir bildirib ki, Azərbaycanda davamlı makroiqtisadi tərəqqi, investisiya fəallığının yüksəlməsi, beynəlxalq əhəmiyyətli iri iqtisadi layihələrin işə salınması və digər amillər ölkəyə xarici əməkçi miqrantların axının sürətlənməsinə səbəb olub. Azərbaycan demokratik və hüquqi dövlət olaraq miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya edib və miqrasiya sahəsində bir sıra ikitərəfli sazişlər imzalayıb.

 

Səlim Müslümov miqrasiya sahəsində aparılan siyasətdə multikulturalizmin rolu ilə bağlı bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi, multikulturalizmin həyat tərzinə çevrilməsi miqrasiya sahəsində mütərəqqi beynəlxalq prinsiplərə uyğun uğurlu siyasətin aparılmasına şərait yaradan əsas amillərdən biridir: “Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri əsas götürülərək, həmçinin cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinin zəruriliyi nəzərə alınmaqla, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cari ilin may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalanıb. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda demokratik prinsiplər əsasında miqrantların hüquq və azadlıqlarının müdafiəsinə, onların sosial müdafiəsinin təmin olunmasına xüsusi önəm verilir”.

 

Nazir tədbir iştirakçılarının diqqətini icazəsiz hərbi konfliktlərin və terrorizmin sosial hüquqların təmini, həm də yalnız bir ölkədə deyil, ümumən beynəlxalq müstəvidə sosial inkişaf perspektivləri üçün ciddi təhlükəyə çevrildiyinə yönəldib. S.Müslümov bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması və bir milyondan artıq insanın doğma yurdlarından qovularaq məcburi miqranta çevrilməsi ölkənin sosial inkişafında, həm də BƏT-in müvafiq prinsiplərinin icrasında ciddi maneədir. Ona görə də bu problemin həlli istiqamətində beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına ehtiyac vardır.

 

Miqrasiya proseslərinin tənzimlənməsi və əməkçi miqrantların sosial müdafiəsinin inkişafında ikitərəfli və çoxtərəfli sazişlərin rolunu vurğulayan S.Müslümov işçi qüvvəsinin yerləşdirilməsi, qaçqın və məcburi köçkünlər, qeyri-leqal miqrasiya və s. ilə bağlı problemlərin həllində təxirəsalınmaz birgə tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 12-nə kimi davam edəcək sessiyada BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, habelə “İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaq.

 

Apa.az