Səhiyyə Nazirliyi lisenziyasız tibbi fəaliyyətlə məşğul olan 200-dən artıq hüquqi və fiziki şəxs barədə tədbir görüb

Posted by

Səhiyyə Nazirliyi lisenziyasız tibbi fəaliyyətlə məşğul olan 200-dən artıq hüquqi və fiziki şəxs barədə tədbir görüb

Səhiyyə Nazirliyi tərəfindən 2013-cü il ərzində ölkədə 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar edərək inzibati icraat aparılıb. Trend-in məlumatına görə, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülüb.

E.Ağayev deyib ki, özəl səhiyyə strukturlarının fəaliyyəti nazirliyin diqqət mərkəzində olub. Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Səhiyyə Nazirliyi 2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilib, lisenziyasız fəaliyyət göstərən 5 aptekin fəaliyyəti dayandırılıb. Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilib. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.

Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilmişdir. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür.

E.Ağayev deyib ki, keçirilən reydlər nəticəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.