San Fransiskoda Azərbaycana dair tədbir keçirilmişdir

Posted by

San Fransiskoda Azərbaycana dair tədbir keçirilmişdir

 

San Fransiskoda Azərbaycana dair tədbir keçirilmişdir

San Fransiskoda Azərbaycana dair tədbir keçirilmişdir

 

ABŞ-ın beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı təşkilatlarından hesab olunan Qlobal Məsələlər Şurasının (World Affairs Council) San Fransisko bölməsində Azərbaycana həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirin təşkilatçıları tərəfindən əsas qonaq qismində dəvət olunmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Azərbaycan və Avrasiya məkanında dəyişən regional dinamika” mövzusunda çıxış etmişdir. Tədbir sabiq amerikalı diplomat, Ağ Evin keçmiş əməkdaşı, hazırda isə Şevron Korporasiyasının siyasət üzrə aparıcı məsləhətçisi Cefri Kolins tərəfindən idarə olunurdu. C.Kolins Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu və ölkəmizin Şərq ilə Qərb arasında strateji coğrafiyada yerləşdiyini bildirmişdir. Daha sonra o, Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxaran ilk Xəzəryanı ölkə olduğunu söyləmiş, bunun respublikamızın dünya enerji bazarlarına inteqrasiyası baxımından əhəmiyyətini vurğulamışdır. Ölkəmizin beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına verdiyi töhfələrdən danışan sabiq diplomat Azərbaycanın regionda açar dövlət olduğunu, habelə Əfqanıstan və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak etdiyini xüsusi qeyd etmişdir. Çıxışının sonunda C.Kolins Ermənistan-Azərbaycan münaqişəsinə də toxunmuş, bu münaqişənin hər iki tərəfdən indiyədək 30 mindən çox insanın həyatına son qoyduğunu diqqətə çəkərək tezliklə tərəflər arasında sülhün yaranacağına əminliyini ifadə etmişdir.

Daha sonra çıxış edən səfir Elin Süleymanov ölkəmizin yerləşdiyi geostrateji məkan barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Azərbaycanda tarixən dini və etnik tolerantlılığın olduğundan danışan azərbaycanlı diplomat bu gün də müxtəlif dini inanclara malik insanların ölkəmizdə tam rahat yaşadıqlarını bildirmişdir. Səfir E.Süleymanov Azərbaycanın beynəlxalq uğurlarının təkcə ölkəmizin yerləşdiyi coğrafi məkan və malik olduğu təbii sərvətlərlə deyil, iqtidarın yürütdüyü praqmatik və uzaqgörən siyasətlə bağlı olduğunu bildirmişdir. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır. Səfir demişdir ki, ötən il dekabrın 17-də Bakıda Avropa üçün tarixi əhəmiyyətə malik “Şahdəniz-2” layihəsi üzrə Yekun İnvestisiya Qərarı imzalanmışdır. Səfir bunun Azərbaycandan Avropaya “Cənub” qaz dəhlizinin açılışı üçün əhəmiyyətli addım olduğunu bildirmişdir. Ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan “Cənub” qaz dəhlizinin keçdiyi ölkələrdə 30 mindən çox iş yerinin açılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Daha sonra Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən digər iri infrastruktur layihələri barədə məlumat verən səfir Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə danışmışdır. Ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə müstəqillik uğrunda mübarizənin gücləndiyini və bunun heç də asan əldə edilmədiyini bildirən səfir E.Süleymanov müstəqilliyin ilk illərindən Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını diqqətə çatdırmışdır. O, ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlandığını, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün olduğunu söyləmişdir.

Tədbir sual-cavab sessiyası ilə davam etmişdir.

Qlobal Məsələlər Şurası 1947-ci ildə Şimali Kaliforniyada yaradılmış aparıcı araşdırma mərkəzlərindəndir. İndiyədək mərkəzin əsas qonaqları sırasında bir sıra ölkələrin dövlət və hökumət başçıları olmuşdur. Təşkilat San Fransisko şəhərində yerləşir. San Fransiskoya səfəri çərçivəsində səfir E.Süleymanov ABŞ-dakı yəhudi icmasının aparıcı təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin rəhbər şəxsləri və üzvləri ilə görüşmüşdür. Direktor Mervin Danker səfir E.Süleymanovu yenidən San Fransisko şəhərində görməsi ilə bağlı məmnunluğunu ifadə etmiş və Azərbaycanın tolerant və sürətlə inkişaf edən bir ölkə olmasından, habelə bu mühitdən ölkəmizin yəhudi icmasının da bəhrələndiyindən xəbərdar olduğunu söyləmişdir. M.Danker ölkəmizdə yerli yəhudi icmasının hərtərəfli inkişafı üçün yaradılmış şəraitə görə Azərbaycan xalqına və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

Təşkilatın rəhbər şəxslərinin iştirak etdiyi görüşdə beynəlxalq və regional əhəmiyyətə malik məsələlər müzakirə edilmişdir. Elin Süleymanovun, həmçinin Kaliforniya ştatının azərbaycanlı icmasının fəalları ilə görüşü olmuşdur. Soydaşlarımızla görüşdə yerli azərbaycanlı diasporunun qarşısında duran əsas məsələlər müzakirə edilmişdir. Səfər zamanı E.Süleymanov hazırda Kaliforniya ştatında yaşayan tanınmış soydaşımız professor Lütfi Zadəni də ziyarət etmişdir. Görüşdə professor Lütfi Zadə Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin Azərbaycan dövlətinə daha böyük nailiyyətlər gətirəcəyinə əmin olduğunu söyləmişdir. O, ölkəmizin dünya miqyasındakı uğurlarını izlədiyini və buna görə məmnun olduğunu qeyd etmişdir.

 

AzərTac.az