Rusiyalı deputatlar Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan əleyhinə iddia qaldırmaq niyyətindədir

Posted by

Rusiya Dövlət Dumasının deputatlarından, Rusiya İctimai Palatasının üzvlərindən, ekspertlərdən və hüquqşünaslardan ibarət bir qrup şəxs Beynəlxalq Ədalət Məhkəməsinə müraciət hazırlanması üçün işçi qrupunda bir araya gələcək.

“Report”un Rusiya bürosunun məlumatına görə, işçi qrupunun rəhbəri, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deputatların və İctimai Palatanın üzvlərinin dünya ictimaiyyətini nasistləri və onlarla əməkdaşlıq edənləri qəhrəmanlaşdıran ölkələrə hüquqi qiymət verməyə çağırmaq niyyətində olduğunu bildirib.

“Beynəlxalq Ədalət Məhkəməsində əleyhinə iddia qaldırılacaq ölkələrin biri də Ermənistan olacaq. Artıq Ermənistanın özündə də faşizm tərəfdarları olan Qaregin Njde və Drastaman Kanoyanın xatirəsinin əbədiləşdirilməsi suallar yaradır. Ermənistanlı həmkarlarımızı Njdenin abidəsini ləğv etməyə çağırırıq. Ermənistanda belə adamlara abidə ucaldılırsa, Rusiyadan yardım istəməyə, “soyqırımı” məsələsində müdafiə olunmağı istəməyə gərək yoxdur”, – S.Markov deyib.

O, işçi qrupunun Beynəlxalq Ədalət Məhkəməsində insanlığa qarşı cinayətlərə görə ittiham edilməli olan şəxslərin, eləcə də onların bu cür cinayətlərdə iştirakı barədə faktiki materialların olduğu mənbələrin siyahısını hazırlamaq niyyətində olduğunu açıqlayıb.

“Qrupumuz icra hakimiyyəti orqanları ilə qarşılıqlı olaraq işləyəcək, bu cür əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırıq. Bu zəruridir, çünki KİV-də, təəssüf ki, faşizm tərəfdarlarının addımlarını ört-basdır eləmək cəhdləri var”, – S.Markov əlavə edib.

Nasizmin informasiya sahəsində təqibi məsələsinin əhəmiyyətini Rusiya İctimai Palatasının üzvü, tarixçi Dionis Kaptar da dəstəkləyib. Onun fikrincə, ictimaiyyət “vicdansız təbliğat” yolu ilə aldadılır.

“Axı ermənilərin əksəriyyəti Njdeni Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan şəxs kimi tanıyır. Amma onun iki dəfə terrorçu olması və kollaborsionist (düşmənlə əməkdaşlıq edən xain – red.) kimi dünyadan köçməsini bilmirlər”, – D.Kaptar bildirib.

Öz növbəsində, Rusiya Dövlət Dumasının deputatı İldar Bikbayev Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması və onun tərənnümünün gənclərin başını aldatmaq məqsədilə edildiyini vurğulayıb: “Bu vəziyyət ötən əsrin 30-cu illərinin əvvəllərində Almaniyada olan durumla çox oxşardır. O zaman nasistlər gündəm olmağı bacarmışdılar. İndi isə Rusiyanın perimetri boyunca yerləşən ölkələrdə eyni yolla nasistlərin hakimiyyətə gələ biləcəyi ilə bağlı narahatlıqlar var”.

Qeyd edək ki, işçi qrupunun üzvləri fəaliyyətinin əsası kimi yayda Rusiyanın internet seqmentində yayılmış nasizmin qəhrəmanlaşdırılmasına qarşı olan petisiyanı qəbul edir. 200 mindən çox imza toplayan petisiyanın müəllifi rusiyalı politoloq Aleksandr Perenciyevdir.

Report