Romada keçirilən konfransda Azərbaycanda mövcud dini tolerantlıq yüksək qiymətləndirilib

Posted by

Romada keçirilən konfransda Azərbaycanda mövcud dini tolerantlıq yüksək qiymətləndirilib

Romada keçirilən konfransda Azərbaycanda mövcud dini tolerantlıq yüksək qiymətləndirilib

 

 

Romada keçirilən konfransda Azərbaycanda mövcud dini tolerantlıq yüksək qiymətləndirilib

Romada Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.

 

Konfrans Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib.

 

Müxtəlif dövlətlərin siyasi dairələrinin və dini qurumlarının, eləcə də elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri tədbirin əsas məqsədi İslam ölkələrində müsəlmanların, xristianların, yəhudilərin və digər dinlərin nümayəndələrinin birgəyaşayışı ilə bağlı hazırkı vəziyyəti müzakirə etmək olub.

 

Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Proveranın və Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlinin moderatorluğu ilə keçən konfransda əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Fiorello Provera çıxış edərək Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin və dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, tədbir müvafiq istiqamətdə müzakirələr aparmaq üçün yaxşı imkan yaradacaq.

 

Azər Kərimli tolerantlığın tarixən və bu gün də Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, mədəniyyətlərarası forumların təşəbbüskarı, multikulturalizm ideyasının dünya miqyasında fəal təbliğatçısı olan Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz tolerantlıq təcrübəsi zəngin olan bir məkan kimi tanınır.

 

A.Kərimli diqqətə çatdırıb ki, tolerantlığın beynəlxalq müstəvidə təşviqini xeyirxah missiyalar vasitəsilə həyata keçirən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Qurumun dəstəyi ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri və İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirilən digər tədbirlər bu missiyanın sadəcə kiçik bir hissəsidir. Qeyd olunub ki, tədbir Azərbaycanın milli və dini tolerantlıq, multikulturalizm təcrübəsini İtaliya ictimaiyyəti ilə bölüşmək baxımından əhəmiyyətlidir.

 

İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzillotta konfransın aktual bir mövzunu əhatə etdiyini vurğulayıb. Bildirib ki, tolerantlıq və multikulturalizm Avropa regionu üçün vacib mövzudur: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini toqquşmaların cərəyan etdiyi bir dövrdə millətlərarası dialoqun qorunması bizi uğura apara bilər. Müsəlman cəmiyyəti ilə digər dinlərin icmaları arasında birgəyaşayış, sülh şəraitində mövcudluq olduqca önəmlidir. Azərbaycan bu istiqamətdə model ölkədir”.

 

Azərbaycanda mövcud olan siyasi sabitliyi, demokratiyanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən L.Lanzillotta ölkəmizin Avropa üçün strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir, münasibətlərimiz dostluğa və qarşılıqlı hörmətə əsaslanır.

 

İtaliya Senatının vitse-prezidenti Maurizio Qasparri bu cür konfransın təşkilinin müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti artırdığını diqqətə çatdırıb. Bildirib ki, fundamentalizmə qarşı mübarizə aparmaq, dini radikalizmin, ekstremizmin qarşısını almaq, ümumiyyətlə demokratik ölkələrdə dini birgəyaşayış və bu anlayışın təbliği olduqca vacibdir.

 

Romanın baş ravvini Rikkardo Di Senyi qeyd edib ki, bu tədbir yaşadığımız dövrdə baş verən ekstremizm hallarına, dini zəmində toqquşmalara və bir çox digər mənfi proseslərə bizim ümumi cavabımızdır. O, bütün dini icmalar üçün çox önəmli olan belə bir mövzuda konfransın keçirilməsi təşəbbüsünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

 

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, konfransın mövzusu təsadüfi seçilməyib. O deyib: “Biz İslam ənənəli dövlətlərdə dini birgəyaşayış sahəsində ölkəmizin təcrübəsini italiyalı tərəfdaşlarımızla bölüşmək istəyirik. Tədbirin formatı düzgün seçilib: həm siyasətçilərin, həm dini icmaların nümayəndələrinin, həm də dini ekspertlərin müvafiq mövzunu müzakirə etmələri yaxşı nəticələr verə bilər”.

 

Ə.Hüseynli əlavə edib ki, mürəkkəb regionda yerləşməsinə baxmayaraq, ölkəmiz dini birgəyaşayışın, tolerantlığın nümunəvi modeli olaraq qalmaqdadır. Azərbaycan və İtaliya xalqlarını birləşdirən ümumi cəhət onların daxili sabitliyi və dözümlülüyüdür.

 

İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sergio Divina müvafiq mövzuda tədbirin keçirilməsini yüksək qiymətləndirib. O deyib: “Bakıya səfərim çərçivəsində Azərbaycandakı dini tolerantlıq mühitini araşdırmaq imkanı əldə etdim. Bu ölkədə müxtəlif dinlərin nümayəndələrinə böyük hörmətlə yanaşıldığının şahidi oldum. Azərbaycanda yüksək tolerantlıq mühitinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır”.

 

S.Divina bildirib ki, mövcud geosiyasi reallıqlar kontekstində Azərbaycan ilə iqtisadi əlaqələr daha çox önəm kəsb etməyə başlayıb. İtaliya Azərbaycan ilə strateji əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.

 

Digər çıxış edənlər bu cür görüşlərin əslində dini birgəyaşayış və tolerantlıq sahələrində hesabat xarakteri daşıdığını, qarşılıqlı dialoqu və birgəyaşayışı təşviq etməyin vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq birlik tərəfindən müvafiq istiqamətlərdə irəli sürülən bir çox təşəbbüslərin fəal iştirakçısıdır.

 

Sonra konfrans işini sessiyalarla davam etdirib.

 

“Tarixi giriş” sessiyasında İPOCAN Şərqşünaslıq Elmi Araşdırma İnstitutunun prezidenti Klaudio Lo Yakono “Peyğəmbərin dövründən indiyədək İslamın yayılması: tarixi və siyasi baxış” mövzusunda çıxış edib. O, İslamın yaranma tarixi, yayılması, ilkin dövrləri və İslam mədəniyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 

İtaliya Yəhudi İcmaları İttifaqının nümayəndəsi Viktor Macar “Yəhudi, Xristian və İslam dinləri arasında tarixi birgəyaşayış” mövzusunda çıxış edərək, qədim dövrlərdən etibarən müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərin əsas xüsusiyyətləri, dünya ölkələrində dini tolerantlıq təcrübəsinə dair fikirlərini bölüşüb.

 

“İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam ölkələrində dünyəviləşmə anlayışının tarixindən və Azərbaycanda həyata keçirilən din siyasətindən danışıb. Vurğulayıb ki, dövlətimizin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsipləri və normaları çərçivəsində həyata keçirilir. Azərbaycan dini azadlıqların qorunması ilə bağlı bütün beynəlxalq səyləri dəstəkləyir. Cəmiyyətimizdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti var.

 

“İslam ənənəli dövlətlərdə dini birgəyaşayışın hazırkı vəziyyəti: Azərbaycan nümunəsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycanda dünya ölkələrinin tətbiq edə biləcəyi yüksək multikulturalizm təcrübəsi formalaşıb. Ölkəmizdə müxtəlif etnik azlıqların, dinlərin nümayəndələrinin sərbəst və sülh şəraitində yaşamaları üçün hər cür şərait yaradılıb.

 

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda digər etnik qruplar kimi yəhudilərin də dostluq və sülh şəraitində yaşadıqlarını qeyd edib. Bildirib ki, onların bütün hüquqları dövlət tərəfindən təmin olunur.

 

Sonra Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov “Azərbaycanda dini tolerantlığın formalaşmasında müsəlman icmasının tarixi rolu”, Milli Məclisin deputatı Mixail Zabelin “Azərbaycanın Rus icmasının təcrübəsi”, Azərbaycan Katolik kilsəsi rəhbərinin müavini Stefan Kormançik “Azərbaycanın Katolik Xristian İcmasının təcrübəsi” mövzularında məruzələrlə çıxış ediblər.

 

Daha sonra “Qax: Kürmük oba bayramı” və “Quba rayonunun “Krasnaya Sloboda” qəsəbəsi” sənədli filmləri nümayiş olunub.

 

Son sessiyada “Dini birgəyaşayış – bütün dünyanın qarşısında duran məsələ. Nümunələr, problemlər və təzadlar” mövzusunda müzakirələr aparılıb.

 

Ərəb və İslam araşdırmaları üzrə Papa İnstitutunun professoru Adnane Mokrani “İslam ənənəli digər dövlətlərdə aktual vəziyyət”, Ali Təkmilləşdirmə Müəssisəsinin prezidenti Saul Menyaqi “Milli mədəniyyətlər və milli dövlətlər”, İtaliya İslam Dini İcmasının vitse-prezidenti və imamı Yəhya Pallaviçini “Avropa cəmiyyətində İslam dininə sitayişin tənzimlənməsi” mövzularında çıxış ediblər.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

AzərTac.az