Riyad əl-Maliki: Heç bir maddi dəstək Fələstinin azadlığı və müstəqilliyini əvəz edə bilməz

Posted by

Riyad əl-Maliki: Heç bir maddi dəstək Fələstinin azadlığı və müstəqilliyini əvəz edə bilməzRiyad əl-Maliki: Heç bir maddi dəstək Fələstinin azadlığı və müstəqilliyini əvəz edə bilməz

Riyad əl-Maliki: Heç bir maddi dəstək Fələstinin azadlığı və müstəqilliyini əvəz edə bilməz

Regionda sabitliyin əldə olunması üçün Fələstin məsələsi həll edilməlidir. Trend-in məlumatına görə, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ADA Universitetində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin həllində beynəlxalq ictimaiyyət məsuliyyət daşıyır: “Beynəlxalq ictimaiyyət hesab edir ki, Fələstin xalqına maddi dəstək göstərməklə onların vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq olar. Lakin heç bir maddi dəstək bizim azadlığımız və müstəqilliyimizi əvəz edə bilməz”.

R.Maliki deyib ki, danışıqlar mərhələləri şəkildə davam edir: “Lakin artıq xeyli müddət keçsə də, heç bir irəliləyiş əldə olunmayıb”.

Onun sözlərinə görə, bu münaqişənin həllində üçüncü tərəfin iştirakı çox vacibdir: “Əgər bu olmasa, danışıqlar prosesində heç bir irəliləyiş olmayacaq”.

R.Maliki vurğulayıb ki, İsrailin əməllərinə baxmayaraq bəzi dövlətlər onu hələ də dəstəkləməkdə davam edir: “İsrail dünyada yeganə ölkədir ki, hələ də sərhədlərini müəyyənləşdirməyib və hər gün Fələstin torpaqlarını işğal etməkdə davam edir. Danışıqlar prosesində irəliləyiş istəyiriksə, bu prosesi bu cür saxlamamalıyıq. Bu mexanizm düzgün deyil. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət indiyədək buna göz yummaqda davam edir”.

Nazirin sözlərinə görə, əgər münaqişə tərəflərindən biri münaqişənin həllində irəliləyişin olmasına can atmırsa, o zaman bu mümkün olmayacaq.

R.Maliki BMT-nin Təhlükəsizlik Şurasında Fələstinin müstəqilliyinin tanınması məsələsi zamanı TŞ-nin qeyri-daimi üzvü olan Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Fələstin xarici işlər nazirinin səfərinin Azərbaycan-Fələstin əlaqələrinin gələcək inkişafı üçün səmərəli olacağını bildirib.

 

Trend.az