Qubada və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilmişdir

Posted by

Qubada və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilmişdir

Qubada və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilmişdir

Qubada və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilmişdir

Martın 27-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunun Yeni Güləzi kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirmişdir.

AzərTAc xəbər verir ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmışdır. Tədbirdə 50 başlıq südlük istiqamətli fermer təsərrüfatlarının, müasir çörək istehsalı, meyvə və tərəvəz emalı müəssisələrinin və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur. Həmçinin sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov, İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, nazirliyin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxışlarında ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, ölkənin digər regionları kimi, Qubada da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 879 investisiya layihəsinin maliyyələşdirilməsinə 28,1 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 2100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Bildirilmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1488 investisiya layihəsinin maliyyələşdirilməsinə 113,6 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, üzümçülük təsərrüfatlarının, tara, quru meyvə, spirtli içkilər, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilmişdir. Bu investisiya layihələri çərçivəsində 3500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Yeni Güləzi kəndində keçirilən tədbir çərçivəsində Quba və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilmişdir. Həmin kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək və onların reallaşdırılması 70-dən çox yeni iş yerinin açılmasına imkan verəcəkdir.

Tədbir çərçivəsində, həmçinin Quba rayonunun Vəlvələ kəndində güzəştli kredit ayrılmış logistik mərkəzin fəaliyyətinə baxış keçirilmişdir.

 

AzərTac.az