Qəbələdə “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilib

Posted by

Qəbələdə “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilibQəbələdə “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilib

Qəbələdə “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

 

Sonra komitənin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Qəbələ şəhərindəki məsçidlərdə dindarlarla görüşüblər, onlar üçün yaradılan şəraitlə maraqlanıblar. Konfransda ölkədə dini sahəki vəziyyət, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanda beynəlxalq tolerantlıq günü Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Qeyd edilib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında tolerantlıq gününü qeyd edən ilk ölkə olub.

 

M. Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var: “Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini sahədəki durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasın, cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsidir”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə “Tolerantlıq ünvanı-Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizdə tolerantlığın tarixi, yaranma səbəbləri və indiki vəziyyəti barədə məlumat verən G. İsmayılov bildirib ki, hər bir Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbatdır.

 

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya nümunədir: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz ilahi qismətimizdir. Ona görə də indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur”.

 

Öz növbəsində Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Ceyhun Rüstəmov İslam dininin digər dinlərə tolerant münasibətindən, bölgənin toleranlıq ənənələrindən danışıb. O qeyd edib ki, ölkəmizdə nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dininin xüsusi rolu olub.

 

Alban-Udi Xristian İcmasının sədri Robert Mobili isə bildirib ki, Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamaq üçün əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövlətinin udi icmasının fəaliyyətinə qayğı ilə yanaşdığını deyən R. Mobili 2003-cü ildə Qəbələnin Nic qəsəbəsindəki, 2010-cu ildə isə Oğuzdakı Alban-Udi Xristian İcmasının qeydiyyatdan keçdiyini xatırladıb.

 

Qax rayonu Müqəddəs Georgi dini icmasının nümayəndəsi xanım Nanuli Kulaşvili, Oğuz yəhudi icmasının nümayəndəi Rasim Mikayılov və İsmayıllı rayon İvanovka kəndi Molokan icmasının nümayəndəsi Qriqori Smirnov isə öz çıxışlarında Azərbaycandakı teolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.

 

Konfransda Azərbaycanda etnik-dini durum barədə fikir mübadiləsi aparılıb, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.

 

Konfransda dindarları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara “Tolerantlıq” kitabı paylanılıb.

 

Apa.az