Qazaxıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Posted by

Qazaxıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Qazaxıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Qazaxıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycanın energetika naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası iqtisadi əməkdaşlıq Komissiyanın həmsədri Natiq Əliyev Qazaxıstanın Mangistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, N.Əliyev A.Aydarbayevin səfərinin gələcək əməkdaşlığa böyük töhfə verəcəyini bildirib. O qeyd edib ki, yüksək səviyyəli səfərlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələri təcəssüm etdirir.

 

Nazir deyib ki, iki ölkə arasındakı münasibətlər dərin tarixi köklərə malikdir və iki xalq arasında əlaqələr hər zaman dostluğa söykənib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanla Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının fəaliyyəti təqdirəlayiqdir.

 

O qeyd edib ki, Azərbaycan və Qazaxıstan enerji sahəsi daxil olmaqla, bütün sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini və inkişafını davam etdirmək niyyətindədir: «Qazaxıstan rəsmiləri ilə demək olar, bütün sahələri əhatə edən əməkdaşlığın inkişafını müzakirə edirik. Ölkələr arasında iqtisadi və ticarət əlaqələrində artım nümayiş olunur».

 

A.Aydarbayev Azərbaycanın etibarlı və mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb: «Azərbaycan və Qazaxıstan şirkətləri neft-qaz, xidmət, ticarət, aqrar sahələrdə, sahil infrastrukturu və bərə nəqliyyatının inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində və TRACECA layihəsi çərçivəsində fəal əməkdaşlıq edir. Qazaxıstan tərəfi Azərbaycan şirkətləri ilə enerji sahəsində, Qazaxıstanda logistika mərkəzlərinin açılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ekologiya, tullantıların emalı və xalq istehlakı mallarının istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır».

 

A.Aydarbayev Mangistau iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycan iqtisadiyyatına Qazaxıstanda marağın böyük olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, Qazaxıstan və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var.

 

Trend.az