Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Giorgi Kvirikaşvili: “Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir”

“Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır və Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir”.

APA-nın yerli bürosunun Gürcüstan Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə təkbətək görüşdə deyib.

İ. Əliyev Gürcüstan hökumət başçısının Azərbaycana səfərinin əhəmiyyətini və ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib: “Əminəm ki, sizin Azərbaycana səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir və 2012-ci ildən bu mövqeyi saxlayır. Bu, sizin ölkədə investisiya mühitinin yaxşı olmasının göstəricisidir. Bu həmçinin bizim əlaqələrin yüksək səviyyədə olduğunu göstərir”.
Azərbaycan prezidenti iki ölkənin iştirak etdiyi qlobal əhəmiyyətli layihələrə də toxunub: “Bu layihələrdən biri ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars layihəsidir. Cənub Qaz Dəhlizi və TANAP layihələrinin də reallaşması bizim əməkdaşlığı daha yüksək səviyyəyə yüksəldəcək”.
İ. Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq yalnız regional deyil, qlobal səviyyədə də uğurludur: “Bizim əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Əminəm ki, bu isti münasibətlər gələcəkdə xalqlarımızın rifahına xidmət edəcək”.

G. Kvirikaşvili isə iki ölkə arasında iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib: “Azərbaycana səfər bizim üçün hər zaman əlamətdardır. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Şadıq ki, ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Ötən il ikitərəfli ticari-iqtisadi əlaqələrdə əhəmiyyətli artım qeydə alınıb. Azərbaycan Gürcüstanın bir nömrəli investorudur. Sonuncu statistik məlumata əsasən, Azərbaycan birinci yerdədir və bu, sevindirici haldır. Sizin qeyd etdiyiniz Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi strateji layihələrin mühüm iqtisadi və geosiyasi əhəmiyyəti var. Qlobal formatlarda Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir və bu strateji tərəfdaşlığa əsaslanır”.
Gürcüstanın baş naziri Azərbaycan prezidentini birinci respublikanın elan olunmasının 100 illik yubileyi münasibətilə təbrik edib: “Bu tarix Gürcüstan və Azərbaycan üçün əhəmiyyətlidir və ümid edirəm ki, biz bu tarixi layiqincə qeyd edəcəyik”.