Polis Akademiyasının məzunları püşkatma yolu ilə vəzifələrə təyin olundular

Posted by

Polis Akademiyasının məzunları püşkatma yolu ilə vəzifələrə təyin olundularPolis Akademiyasının məzunları püşkatma yolu ilə vəzifələrə təyin olundular

Polis Akademiyasının məzunları püşkatma yolu ilə vəzifələrə təyin olundular

Bu gün Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, bu üsulun son illər praktikada özünü doğrultduğunu vurğulayıb.

Gənc əməkdaşları həyatlarında ən əlamətdar günlərdən biri – yeni vəzifələrə təyin edilmələri və zabit poqonu daşımaq şərəfinə nail olmaları münasibətilə təbrik edən nazir ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev bu gün nazirliyə paytaxt polisinin sıralarında xidmət edən 25 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Tədbirə yekun vuran daxili işlər naziri R.Usubov məzunları bir daha təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb. O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə daha böyük və məsul vəzifələr qoyur.

Gənc əməkdaşlara daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, gündəlik fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, polis adını hər zaman uca tutmalarını tövsiyə edən nazir əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, yüksək etimadı doğruldaraq dövlətçiliyə, xalqa və Vətənə, anda sədaqətlə xidmət edəcəklər.

Püşkatmada iştirak etmiş iddiaçılar daxili işlər nazirinin müvafiq əmrləri ilə Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunublar.

 

Trend/az