Pakistanda nəşr olunan dərslikdə Dağlıq Qarabağ münaqişəsinə geniş yer verilib
İslamabadda fəaliyyət göstərən ən böyük ali məktəblərdən biri olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsinin nəşr etdirdiyi “Pakistan və dünya münasibətləri” adlı yeni dərslikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verilib.
Dərsliyin “Pakistan və müsəlman dünyasının məsələləri” bölməsində yer alan yazının müəllifləri professor Fərhat Əkram və Dr. Axtar Hüseyn Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu qeyd edirlər. Bildirilir ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına kütləvi köçü başlanıb. Bu proses imperator I Nikolayın “Erməni vilayəti”nin yaradılması haqqında fərmanından sonra daha da güclənib. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Dağlıq Qarabağa, İrəvana və Naxçıvana köçürülüb. Təkcə 1828-1911-ci və 1914-1916-cı illərdə yüz minlərlə erməni İran və Türkiyədən Azərbaycana köçürülüb və bu proses sonralar da davam etdirilib. Materialda rus yazıçıları A.Griboyedov və N.Şavrovdan köçürülmə ilə bağlı sitatlar da gətirilir.
Dərslikdə ermənilərin 1905-ci və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı soyqırımı törətdikləri bildirilir və bu qanlı hadisələr şərh edilir. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında da məlumat verilir.
Müəlliflər Sovet İttifaqının süquta uğraması ərəfəsində ermənilərin Azərbaycana qarşı torpaq iddiaları qaldırdıqlarını qeyd edirlər. Sumqayıt hadisələrindən bəhs edilərkən bu iğtişaşın əsas təşkilatçılarından birinin erməni əsilli Qriqoryan olduğu vurğulanır. Bundan başqa, yüz minlərlə azərbaycanlının Ermənistan ərazisindən-ata-baba torpaqlarından qovulması haqqında məlumat verilir, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı müstəqil Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyi diqqətə çatdırılır. Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz olaraq erməniləri məskunlaşdırdığı bildirilir, buna sübut kimi bəzi sənədlər göstərilir. Qeyd edilir ki, 2004-cü ilin oktyabrında BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. Həmin ilin noyabrında Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə BMT Baş Məclisinə təqdim olundu. Eyni zamanda, ATƏT-in faktaraşdırıcı missiyası işğal altında olan ərazilərə səfəri zamanı erməni əhalisinin qanunsuz olaraq bu torpaqlara köçürülməsi faktını təsdiq edib. Dərslikdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, təşkilatın Baş Məclisinin müvafiq qətnamələri haqqında da məlumat verilir.
Müəlliflər Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymayaraq işğalçı siyasətini davam etdirdiyini diqqətə çatdırır.
AzərTac.az