NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatmışdır

Posted by

NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatmışdır

NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatmışdır

NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatmışdır

NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı öz işini iyunun 18-də başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, seminarın sonuncu iş günündə iki sessiya keçirilmişdir. “İran və regional təhlükəsizlik” mövzusundakı sessiyada çıxışlar olmuş, müzakirələr aparılmışdır.

Latviyalı diplomat Oyars Eriks Kalninsin moderatorluğu ilə keçirilən sessiyada Beynəlxalq Böhran Qrupunun İran üzrə baş təhlilçisi Ali Vaez, Almaniyanın Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunun eksperti Valter Poş və başqaları çıxış edərək İranın xarici siyasəti, regionda baş verən hadisələr barədə danışmışlar.

Daha sonra sessiya işini müzakirələrlə davam etdirmişdir.

NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən “2014-cü ildən sonrakı Əfqanıstan: Daxili və regional sabitliyin dəstəklənməsi” mövzusunda digər sessiyada Əfqanıstanın Strateji Araşdırmalar İnstitutunun təsisçisi və baş direktoru Davud Moradian ölkəsinin sosial-iqtisadi vəziyyəti, xarici siyasəti barədə məlumat vermişdir.

Seminarın yüksək səviyyədə keçirilməsinə görə iştirakçılar adından təşkilatçılara minnətdarlığını bildirən D.Moradian Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri yüksək qiymətləndirmişdir. O, Azərbaycan-Əfqanıstan əlaqələrinin dərin tarixi köklərə malik olduğunu vurğulamışdır.

D.Moradian Əfqanıstanın xarici siyasət prioritetlərinə demokratikləşmə prosesinin, ölkənin potensialının gücləndirilməsinin, regional əməkdaşlığın inkişafının daxil olduğunu vurğulamışdır.

NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsinin müavini Li Litzenberqer Azərbaycanın 86-cı Rouz-Rout seminarına uğurla ev sahibliyi etdiyini, ölkəmizdə gördüyü inkişaf proseslərinin onda unudulmaz təəssürat oyatdığını qeyd etmişdir. Bu yaxınlarda Əfqanıstanda prezident seçkilərinin keçirildiyini xatırladan Li Litzenberqer təhlükəsizliyin təmininin ölkənin sabitliyinin mühüm tərkib hissəsi olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin bölmə rəhbəri Murad Zeynalov ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara verdiyi töhfələr barədə danışmışdır.

M.Zeynalov terrorizmə qarşı mübarizədə ölkəmizin fəal iştirak etdiyini, Azərbaycanın Əfqanıstana siyasi, maliyyə, iqtisadi, təlim yardımları göstərməyə davam edəcəyini diqqətə çatdırmışdır.

Regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışan M.Zeynalov Bakı-Tbilisi-Qars dəmir yolunun yeni əlaqələrin inkişafına şərait yaradacağını qeyd etmişdir.

Seminara yekun vuran Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov beynəlxalq münasibətlər sistemində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamış, bu seminarın maraqların sıx şəkildə uzlaşdırılmasına, vahid platformaya və inteqrasiyaya müsbət təsir göstərəcəyini söyləmişdir. O demişdir ki, Azərbaycanın seçdiyi strateji kurs Cənubi Qafqazın sabitliyini artırır və ona dönməzlik xarakteri verir. Bu əvəzsiz missiyanın təmin olunmasının başlıca səbəbi isə ölkəmizin müstəqil iqtisadi siyasət yürütməsi, dürüst və etibarlı tərəfdaş olması, mühüm beynəlxalq hüquq prinsiplərini tanımasıdır. Z.Əsgərov ölkəmizin sabitləşdirici rolunun Avropa İttifaqı və NATO kimi beynəlxalq təşkilatlar, o cümlədən regionun əsas dövlətləri tərəfindən yüksək qiymətləndirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdırmışdır. Milli Məclis sədrinin birinci müavini demişdir ki, Azərbaycanın təkcə enerji resurslarının ixracatçısı deyil, həmçinin regional sülhün və təhlükəsizliyin başlıca təminatçısı kimi qəbul olunması indi danılmaz bir faktdır. Lakin bu yolda artıq hər kəsin etiraf etdiyi kimi, ən başlıca təhlükə ərazilərin işğalı, sərhədlərin toxunulmazlığının təmin olunmaması və xarici təcavüzün davam etməsidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bölgənin Avropa ilə inteqrasiyası yolunda ən başlıca maneədir. Cənubi Qafqazın təhlükəsizliyi isə Avropanın və dünyanın təhlükəsizliyinin ayrılmaz hissəsidir.

NATO PA-nın prezidenti Hu Beylin 86-cı dəfə keçirilən Rouz-Rout seminarında səmərəli müzakirələrin aparıldığını, əsas məqsədin qanunverici orqanlar arasında əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində parlamentlərin rolunun artırılması olduğunu diqqətə çatdırmışdır.

O, seminara yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirmişdir.

Bununla da NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı öz işini başa çatdırmışdır.

 

 

AzərTac.az