NATO: Dağlıq Qarabağ münaqişəsi daha artıq beynəlxalq diqqət tələb edir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha artıq beynəlxalq diqqət tələb edir.
Trend-in məlumatına görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi hesabata öz “Facebook” səhifəsində münasibət bildirərkən qeyd edib.
Appaturay bildirib: “Bu məsələ daha artıq beynəlxalq diqqət və münaqişənin həlli daha çox dəstək tələb edir”.
NATO rəsmisinin sözlərinə görə, əgər bu münaqişə dondurularsa, onun nəticələri regiondan kənarda da hiss oluna bilər.
Qeyd edək ki, Beynəlxalq Böhran Qrupu (International Crisis Group) bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair hesabat yayıb. Hesabatda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasındakı mövcud süst, lakin tez alovlanan münaqişə öz həssas mərhələsinə qədəm qoyub.