“Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib.
Fonddan Trend-ə verilən məlumata görə, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.
Üç kitabdan ibarət topluya yeddi əsər daxil edilib. Birinci kitab “Behcətür-ruh”dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli bilgilərlər yer alıb. Hazırda əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli bir məlumat mənbəyinə çevrilib.
İkinci kitab “Musiqi haqqında risalələr” adlanır. Bu kitaba 5 risalə daxildir. Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir. Risalənin mətni cədvəllər əsasında izahla müşayət olunur. Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdığı digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar verilir. Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılıb.
“Muğam üstündə oxunan şeirlər” adlanan 3-cü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanıb.
Trend.az