Mətbuat Şurası: “Belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq”

Posted by

Mətbuat Şurası: "Belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq" Mətbuat Şurası: “Belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq”

Mətbuat Şurası: "Belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq"

Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə komissiyası növbəti iclasını keçirib.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 müraciəti araşdırıb.

 

Öncə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Şəfəqə doğru” qəzetindən şikayətinə baxılıb.

Müraciət müəllifini və cavabdehi dinləyən, müvafiq sənədləri nəzərdən keçirən komissiya üzvləri qənaətə gəliblər ki, məsələ tərəflər arasında anlaşma yolu ilə həllini tapmalıdır. Çünki burada özünü qabarıq büruzə verən məqamlar qarşılıqlı narazılığın uzun müddət davamına səbəb ola bilər. Təklif tərəfləri qane etdiyindən müraciət həllini tapmış hesab olunub.

İclasda iki kütləvi informasiya vasitəsi barədə sənədlərin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasına göndərilməsi məntiqi sayılıb. Şəki Şəhər İcra Hakimiyyətinin “Təhqiqatın gücü” qəzeti, Lerik Rayon İcra Hakimiyyətinin “Arama” jurnalı barədə şikayətlərinin müzakirəsi belə rəylərin çıxarılması ilə nəticələnib. Bu zaman nəzərə alınıb ki, adıçəkilən qəzetə əvvəllər də MŞ-nin xəbərdarlığı olunub, nəşr rəhbərliyi məsələnin müzakirəsinə qatılmaqdan yayınıb. Şikayət doğuran yazıda isə peşə etikasının bir sıra prinsipləri pozulub.

“Arama” jurnalına gəldikdə isə bildirilib ki, 4 ildə cəmi 3 sayı işıq üzü görən jurnaldakı materialların tam əksəriyyəti “reket jurnalistika”ya xas tərzdə yazılıb. Nəşrin baş redaktoru Mahir İmamovun fəaliyyətində peşə və vəzifə səlahiyyətlərini aşan hallar üstünlük təşkil etməkdədir.

Qobustan rayonunda qaval daşının satılması ilə bağlı bir sıra xəbər portallarında böhtan xarakterli yazıların yayımlanması ilə əlaqədar həmin rayonun İcra Hakimiyyətinin müraciətinin müzakirəsi zamanı maraqlı məqamlar aşkarlanıb. Komissiya müəyyənləşdirib ki, məlumatı təqdim edən saytlar məsələyə yanaşmada bilgisizlikləri ilə yanaşı sivil jurnalistikanın tələbləri ilə bir araya sığmayan korporativ həmrəyliklərini də nümayiş etdiriblər. Qədim abidənin yerləşdiyi Qobustan qoruğu ilə məsələyə aidiyyəti olmayan Qobustan rayonunun yerini səhv salan KİV-lər qərəzə, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yol açan fikirləri yayımlamaqla peşə etikasına sayğısızlıq göstəriblər.

Komissiya saytların nəzərinə çatdırıb ki, belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq.

 

Trend.az