Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın hesabat iclası keçirilib

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabat iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabat təqdim olunub. Ötən il ərzində İctimai şuranın keçirdiyi iclaslar, ictimai müzakirələr və s. barədə məlumat verilərək, qeyd olunub ki, hesabat dövründə şura tərəfindən 5 normativ hüquqi aktın layihəsinə rəy verilib. Habelə əmək, məşğulluq, sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahələrində strategiyaların inkişaf etdirilməsi, bu sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün 45 təklif və tövsiy müzakirəyə təqdim edilib.

Hesabat və təkliflərlə bağlı müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev, İctimai şuranın sədri Mayis Əliyev, şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Müqalib Mahmudov, Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti Rauf Zeyni və başqaları çıxış ediblər.

Geniş müzakirələrdən sonra İctimai şuranın 2016-cı il üçün hesabatı qənaətbəxş hesab edilib. Həmçinin Şuranın 2017-ci il üçün fəaliyyət planı da müzakirə edilərək təsdiq olunub.

İclasda “Ən yaxşı kollektiv müqavilə” müsabiqəsinin nəticələrinə dair yaradılmış komissiyanın məruzəsi dinlənilərək müzakirə edilib. Sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıq” adlı toplunun təqdimatı olub. Toplu ölkəmizdə dövlət qurumlarının faəliyyətində ictimai iştirakçılığa şərait yaradılması üçün qəbul edilmiş normativ-hüquqi aktlar və digər müvafiq sənədləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti müstəvisində bu sahədə mövcud olan uğurlu iş təcrübəsini əks etdirir.

İclasda digər aidiyyəti məsələlər də müzakirə olunub.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şurada 15 vətəndaş cəmiyyəti təmsil olunub. İctimai şuranın tərkibi və tədbirləri barədə məlumatlar nazirliyin rəsmi internet (www.mlspp.gov.az) saytının ön səhifəsindəki “İctimai şura” bölməsində yerləşdirilib.

AZƏRTAC