Miqrasiya Məcəlləsinə əlavələr edilib

Posted by

Miqrasiya Məcəlləsinə əlavələr edilibMiqrasiya Məcəlləsinə əlavələr edilib

Miqrasiya Məcəlləsinə əlavələr edilib

Milli Məclisin iclasında Miqrasiya Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təqdim olunan layihədə Miqrasiya Məcəlləsində mövcud sonuncu 13-cü fəsil (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması) dəyişdirilərək 14-cü fəsil kimi verilir və məcəlləyə yeni 13-cü fəsil əlavə edilir.

 

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydası” adlı fəsil ümumilikdə on üç maddədən ibarətdir. 82-ci maddədə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün əsaslar və müddətlər) əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda və müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində (bundan sonra Mərkəz) könüllü yerləşdirilməsi açıqlanır. Bunlar aşağıdakılardır:

 

– Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə – qaçqın statusu verilməsi məsələsi həll edilənədək:

 

– Şəxs qaçqın statusu aldıqda – iş və ya yaşayış yeri əldə edilənədək, lakin 3 aydan artıq olmayan müddətə;

 

– Şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda – çıxarılma üçün İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin (Miqrasiya Məcəlləsi) 79.5-ci maddəsində nəzərdə tutulmuş müddətə.

 

Maddədə eyni zamanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda və müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində məcburi qaydada yerləşdirilməsi də göstərilir. Bunlar aşağıdakılardır:

 

– Müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda 24 saatadək;

 

– Məhkəmənin inzibati qaydada tutma barədə olduqda üç günədək;

 

– Bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda – qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə.

 

Maddədə o da göstərilir ki, Məcəllənin 82.1.3-cü maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikası ərazisində yaşayış yeri və ya özünün və ailə üzvlərinin minimal tələbatını ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq olunur.

 

Fəsildəki digər maddələr isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə yerləşdirilməsi proseduru”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılmasının xüsusiyyətləri”, “Mərkəzdə rejim”, “Daxili intizam qaydaları”, “Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”, “Mərkəzdə könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”, “Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri”, “mərkəzdə tətbiq edilən tənbeh tədbirləri”, “Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mühafizəsi və onların üzərində nəzarət”, “Mərkəzin işçilərinin vəzifələri”, “Mərkəzdə fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi” və “Mərkəzin fəaliyyətinə nəzarət” adlanır.

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

Apa.az