Milli Məclis bir sıra ikitərəfli sənədləri təsdiq etdi

Posted by

Milli Məclisin bu gün keçirilən plenar iclasında Belarus və Qazaxıstanla imzalanmış sənədlər gündəliyə daxil edilib.

Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Saziş”in və Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Müqavilənin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsi”nin təsdiq edilməsi deputatların müzakirəsinə çıxarılıb.

Bundan başqa, iclasda Azərbaycan Prezidenti ilə Belarus və Venesuela Bolivar Respublikası prezidentləri arasında imzalanmış birgə bəyanatlar müzakirəyə çıxarılıb.

Bəyanatlar haqında məlumat verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanla Belarus arasında iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələr uğurla inkişaf edir.

O, Azərbaycanla Venesuela arasında da əlaqələrin inkişaf etdiyini vurğulayıb.

S.Seyidov bildirib ki, bəyanatların təsdiq edilməsi Azərbaycanla hər iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcək.

Daha sonra sənədlər səsə qoyularaq qəbul edilib.

Trend.az