Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi haqqında layihənin müzakirəsi davam edir

Posted by

Noyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilir.

İclası açan əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli büdcə zərfinə daxil olan qanun layihələrini təqdim edib. Bildirib ki, büdcə sosialyönümlü olaraq vətəndaşa xidmət etməlidir. Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb.

Hadı Rəcəbli deyib ki, gələn ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20 faiz çoxdur. İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Bu il sosial müdafiəyönümlü qanunlar qəbul olunub və bəzi qanunlara dəyişikliklər edilib. Bu, gələn ilin dövlət büdcəsində əksini tapıb. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 faizi sosial müdafiə tədbirlərinə yönəldilib. Bu göstərici əvvəlki illərdə 26-28 faiz civarında olub.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır. Bu, ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur. Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur.

Sonra iclasda büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənilib. Palatanın sədri Vüqar Gülməmmədov 2018-ci il dövlət büdcəsinin tərtibi haqqında məlumat verib. Bildirib ki, 2018-ci il dövlət büdcəsinin tərtibi zamanı gəlir və xərclərin tam şəffaflığı qorunub. Növbəti ilin büdcə layihəsində ötən illərdə olduğu kimi, dövlətimizin başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqət davam etdirilib. O diqqətə çatdırıb ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanıb, tələb olunan bütün istiqamətlərdəki xərclər öz əksini tapıb.

Büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı müzakirələr aparılır, rəy və təkliflər səsləndirilir.

İclasda komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edirlər.

AZƏRTAC