Mikayıl Cabbarov müəllimlər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin detallarını açıqladı

Posted by

Mikayıl Cabbarov müəllimlər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin detallarını açıqladıMikayıl Cabbarov müəllimlər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin detallarını açıqladı

Mikayıl Cabbarov müəllimlər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin detallarını açıqladı

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov təhsil sistemində tətbiq olunan yenilikləri açıqlayıb.

Trend-in məlumatına görə, M.Cabbarovun “Azərbaycan” qəzetində çap olunan yazısında qeyd olunub ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq.

Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilib.

M.Cabbarovun sözlərinə görə, qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödəniləcəkdir.

Nazir qeyd edib ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaq.

Nazirin sözlərinə görə, kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir: “Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcək. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər.

“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilmişdir. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə vermiş, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanmışdır.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunmuşdur ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artmışdır”.

 

AzərTac.az