Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyinin hədələri heç bir təsir gücünə malik deyil

Posted by

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyinin hədələri heç bir təsir gücünə malik deyilMübariz Əhmədoğlu: Ermənistan rəhbərliyinin hədələri heç bir təsir gücünə malik deyil

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyinin hədələri heç bir təsir gücünə malik deyil

Ermənistanın prezidenti Serj Sarkisyanın, müdafiə nazirinin və onun müavinlərinin hədələri heç bir təsir gücünə malik deyil. Trend xəbər verir ki, bunu “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

 

Politoloq qeyd edib ki, Ramil Səfərovun Macarıstanda həbsdən azad olunması xəbəri yayılan kimi S.Sarkisyan Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi və əvəz çıxmaq göstərişi verdi. İclasın sonunda Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Qorik Akopyanı nümayişkaranə şəkildə yanına çağırdı və “lazımi tapşırıqlar” verdi: “Nəticəsizliyi göz qabağındadır. Macarıstanla da bağlı hədələr gəldi, diplomatik əlaqəni dayandırdı. 3-4 ermənipərəst dövlət Macarıstanın hərəkətini pisləyən bəyanat verdi. Başqa heç nə baş vermədi. Bu gün Ermənistanın Macarıstanla diplomatik əlaqələri yoxdur, Müstəqil Macarıstanla müstəqil Azərbaycanın əlaqələri isə dinamik inkişafdadır”.

 

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan indiki rəhbərlərinin hesabına sanki mağarada yaşayır: “Yalnız eşitmək istədiklərini eşidirlər, görmək istədiklərini də görürlər. Bayırdan mağaranın içərisinə də yalnız tanıdıqları şeyləri daşıyırlar. Ətraf aləmdən izolyasiya olunmuş vəziyyətdədirlər. Almaniya Xarici İşlər Nazirliyinin Almaniya hökuməti adından Almaniya Bundestaqına bir neçə gün bundan qabaq göndərdiyi cavab ermənilərin reallıqdan hədsiz dərəcədə uzaq olduqlarını göstərir (http://www.bundestag.de/presse/hib/2014_11/-/339186)”.

 

Politoloq hesab edir ki, Almaniya hökuməti beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağı Azərbaycan Respublkasının ayrılmaz ərazisi hesab edir, amma bu ərazilərin ermənilərin nəzarəti altında olduğunu da bildirir: “Almaniya Xarici İşlər Nazirliyi Almaniya hökuməti adından bu açıqlamanı yaymazdan bir neçə gün əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ermənistanda səfərdə olmuşdu. Almaniya Ermənistana ən ciddi maliyyə yardımı edən iki dövlətdən biridir. Ayırdığı vəsaitin tərkibində qrant və yardımın məbləğinin nisbəti daha çox olur. Türkiyə məsələsinə görə son onillikdə Almaniyada Ermənistana xüsusi münasibət bəsləyən qruplar yaranıb. Ermənistanın Almaniyadakı səfiri məşhur daşnak, keçmiş deputat Vaan Ovannisyandır. V.Ovannisyan Almaniyada uzun müddət yaşayıb, çünki atası Münhendə “Azadlıq” radiosunun erməni redaksiyasının rəhbəri olub. V.Ovannisyanın özünün və atasının adının ASALA-nın terror siyahısında keçməsinə baxmayaraq, onların Almaniyadakı dost-tanışları Almaniya hökumətinin V.Ovannisyanın səfir təyin olunmasını rədd etməsinə imkan vermədilər. Almaniya-Türkiyə münasibətlərinin indiki fonu və Ovannisyanların Almaniyada güclü dayağa malik olması da Almaniya hökumətini həqiqəti deməkdən çəkindirə bilmədi. Almaniyanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinin sanballı tərkib hissəsidir. Yeri gəlmişkən, Almaniyadan bir az qabaq Fransa Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla bağlı bəyanat vermişdi. Yaxınlarda analoji bəyanatla Böyük Britaniya da çıxış edib. Beynəlxalq ictimaiyyət erməni işğalçı qoşunlarının təlim keçirdiyi və vertolyotunun məhv edildiyi ərazini Azərbaycan ərazisi hesab edir”.

 

O, qeyd edib ki, ekipajı Ermənistan vətəndaşları olan, Ermənistana məxsus hərbi vertolyotun Azərbaycan ərazisinə, Dağlıq Qarabağa daxil olması beynəlxalq hüququn Ermənistan rəhbərliyi tərəfindən tamamilə inkar edilməsi deməkdir: “İcraçılar şərəfsiz ölümlə cəzalarına çatdılar. Ermənistan ordusu başıpozuq bandit dəstəsi deyilsə, hərbi vertolyotun Azərbaycan ərazisinə daxil olması əmrini verən şəxs cəzalandırılmalıdır. Ermənistan dövləti isə beynəlxalq məhkəmədə cavab verməyə hazırlaşsın”.

 

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyinin, o cümlədən S.Sarkisyanın kişiliyi çatırsa, şərəfi varsa, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Eləcə də Azərbaycandan Avropaya gedən neft-qaz kəmərlərini bombalasınlar: “Mərdlik, kişilik, sözübütövlük və Ermənistanın indiki rəhbərliyi ayrı-ayrı məkanlardadır. Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqsa, ATƏT-in Minsk qrupu formatından məhrum olacaq. Avropaya gedən neft-qaz kəmərlərinə hücum edəcəksə, bütün Qərbi itirəcək. Ona görə də Ermənistanın indiki rəhbərliyinin hədələri, bəyanatları nağara effektindən başqa bir şey deyil”.

 

Trend.az