Litva Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir

Posted by

Litva Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərirLitva Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir

Litva Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir

Oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədov Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Valdas Lastauskas ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, O.Əsədov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Sədr inandığını bildirib ki, V.Lastauskas Azərbaycan–Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək. Bildirilib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb.

Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu qeyd edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatların mütəmadi görüşləri və prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparılması ümumi məqsədlərə xidmət edir.

Söhbət zamanı O.Əsədov yüksək səviyyəli siyasi münasibətlərin, iqtisadi əlaqələrin inkişafı üçün də münbit zəmin yarandığını söyləyib. Qeyd edilib ki, energetika, turizm, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.

Valdas Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərdiyini vurğulayıb. Bildirilib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AzərTac.az