Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün salınan qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub

Posted by

Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün salınan qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub

Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün salınan qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub

Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün salınan qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkün ailələri üçün inşa olunan qəsəbə və məhəllələrdə aparılan tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Ə.Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, burada inşaatçılarla görüşüb söhbət edib, onların arzu və təkliflərini dinləyib və tövsiyələrini verib.

Müşavirədə çıxış edən Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir və ərazidə 11 ədəd 9 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində eyni zamanda məktəb binası,uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılıb.

Hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıb və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər.

Qərara alınıb ki, tikinti işləri sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.

Dövlət Komitəsinin sədri, həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə də baş çəkib.

Məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi və poçt binası da tikilib. Qəsəbə qaz, su, və elektrik ilə tam təchiz olunacaqdır.

Sonra Ə.Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb, məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edərək bildirib ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Sonda Baş nazirin müavini ərazini gəzib, qəsəbədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

 

Trend.az