Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Posted by

Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüşüb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Əli Həsənov bildirib ki, ölkələrimizin münasibətlərinin daha da dərinləşdirilməsi üçün yaxşı potensial var, qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə xidmət edir.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və problemin həlli istiqamətində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparılıb. Baş nazirin müavini Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsində, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Ermənistanın təcavüzkar siyasəti pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Böyük Britaniyanın bir çox humanitar təşkilatlarının Azərbaycandan olan məcburi köçkünlərə yardımlar etdiyini xatırladan Ə.Həsənov buna görə təşəkkürünü çatdırıb.

 

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll edilməməsinin təəssüf doğurduğunu söyləyən Devid Lidinqton bildirib ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır. D.Lidinqton Böyük Britaniyanın münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət münaqişənin həllinə kömək etməlidir, hazırkı status-kvonun davam etməsinin tərəflər üçün xeyri yoxdur.

 

Görüşdən sonra D.Lidinqton Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub. Daha sonra o, Abşeron rayonunun Masazır qəsəbəsində köçkün ailəsi üçün salınmış məhəllə ilə tanış olub. Britaniyalı nazirə 760 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan məhəllədə yaradılmış şərait barədə də məlumat verilib. D.Lidinqton məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlər üçün yaradılmış şəraitlə maraqlanıb, tədris prosesi ilə tanış olub, şagirdlərlə söhbət edib. Sonra britaniyalı nazir məhəllədə tikilmiş 280 yerlik uşaq bağçasında olub. D.Lidinqton Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılmış şəraitlə də tanış olub.

 

APA.az