İlham Əliyev: İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisədir

Posted by

İlham Əliyev: İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisədir

İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisə və böyük şərəfdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: “Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq”.

Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən vacib prioritet istiqamətlərdən biri təhsildir: “Biz ölkədə demək olar ki, yüz faiz savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda “Gənclər siyasəti haqqında” qanun var, həmçinin “Azərbaycan gəncliyi” adı altında iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir: “Bu yaxınlarda biz Gənclər Fondu yaratdıq və bu Fonda dövlət büdcəsindən ayrılan vəsait gənclərin özlərini cəmiyyətdə göstərmələrinə kömək edir. Gənclər mədəniyyət, təhsil, sosial fəallıq, siyasi islahatlarla bağlı müxtəlif layihələrə cəlb olunublar”.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, başqa sözlə, bu Fond gənc nəslin istedadını üzə çıxarmağa və onları cəmiyyətə təqdim etməyə kömək edir və beləliklə, bu, ölkənin inkişafına imkan yaradır: “Mən təhsil və savadlılığı xatırlatdım və onu da demək istərdim ki, ümumilikdə təhsil hökumətin prioritetlərindən biridir. Biz tamamilə əminik ki, təhsilli, bilikli insanlar müxtəlif sahələrdə ölkəyə və özlərinin inkişafına kömək edə bilərlər. Və əgər siz dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərinə və uğurlarına baxsanız, görərsiniz ki, təhsil, elm, texnoloji innovasiyalar uğurlu inkişafın əsas alətləridir. Nə enerji resursları, nə faydalı qazıntılar, nə neft və qaz deyil, məhz təhsil, bilik və texnologiyalar. Onlar bütün bəşəriyyətin hərəkətverici qüvvələridir”.

Dövlət başçısı Azərbaycanın beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq sayəsində bu sahədə daha böyük uğurlara nail ola biləcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq bir neçə ildir ki, gənc nəsil üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Вu il xaricdə ölkə gənclərinin təhsil almasına 40 milyon avroya yaxın vəsait yönəldilib: “Biz, həmçinin universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında daha çox əlaqələrin olmasını istəyirik. Biz belə siyasətin üstünlüyünü görürük, çünki bu gün Azərbaycanın gənc nəsli yeni, müasir, müstəqil ölkənin yaradılmasında fəal iştirak edir”.

 

Trend.az