Latviya XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini növbəti dəfə nümayiş etdirmişdir

Posted by

Latviya XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini növbəti dəfə nümayiş etdirmişdir

Latviya XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini növbəti dəfə nümayiş etdirmişdir

Latviya XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini növbəti dəfə nümayiş etdirmişdir

Latviyanın məşhur “Yana Seta” kartoqrafiya nəşriyyatı növbəti coğrafi atlas buraxmışdır. Burada Dağlıq Qarabağın ərazisi Azərbaycanın tərkibində tanınmayan ərazi qurum kimi göstərilmişdir. Xəritədə Cənubi Osetiya, Abxaziya, Şimali Kipr, Dnestryanı bölgənın əraziləri və digər qondarma ərazi qurumları da oxşar formatda göstərilmişdir.

Azərbaycanın Latviyadakı səfirliyi yaranmış problemə dərhal reaksiya göstərmişdir. Bu insidentlə bağlı Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun təşəbbüsü ilə GUAM-ın üzvü olan ölkələrin Latviyadakı səfirlərinin təcili iclası keçirilmiş, yaxın günlərdə isə həmin formatda Latviya XİN-in rəhbərliyi ilə görüş nəzərdə tutulmuşdur.

Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov fevralın 19-da Latviya XİN-in ikitərəli əlaqələr üzrə birinci departamentinin direktoru Vilmars Heninşlə görüşmüşdür. O, Azərbaycan tərəfinin narazılığını bildirərək, müvafiq notanı və Azərbaycan səfiri Elman Zeynalovun Latviyanın xarici siyasət idarəsinin başçısına ünvanlanmış məktubunu ona təqdim etmişdir. Məktubda bu insidentlə bağlı hiddət ifadə olunmuş, Dağlıq Qarabağ münaqişəsi barədə məsələyə növbəti dəfə aydınlıq gətirilmişdir.

Latviya XİN-in yüksək vəzifəli nümayəndəsi ilə görüşdə belə bir fakt da diqqətə çatdırılmışdır ki, Azərbaycanın əzəli tarixi ərazisi olan Dağlıq Qarabağın ölkəmizin ərazisində qondarma respublika kimi göstərilməsi Latviyanın Azərbaycan diasporunu narahat edir.

Latviya XİN-in əməkdaşı bildirmişdir ki, vəziyyətlə bağlı ölkədəki bütün mətbu nəşrlər əsaslı şəkildə yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, bu atlas separatçı rejimlərin dünya birliyi tərəfindən tanınmayan ərazilərinin göstərildiyi yeganə nəşrdir. Atlası hazırlamaq dünyada mövcud olan bütün qondarma ərazi qurumlarını nümayiş etdirmək məqsədi daşımışdır.

Latviya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, bu atlas dərs vəsaiti deyildir. Bu faktı ölkənin Təhsil Nazirliyi də təsdiq etmişdir. Bununla əlaqədar olaraq, Latviya XİN bir daha bəyan edir ki, coğrafi xəritədə yol verilmiş səhv Latviyanın rəsmi mövqeyini əks etdirmir və rəsmi Riqa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu hadisədə açıq-aydın Latviya və Azərbaycan arasında dostluq münasibətlərinə zərbə vurmağa uğursuz cəhd göstərən üçüncü tərəfin marağı hiss olunur. Latviya XİN əmin etmişdir ki, həmin məsələ ilə bağlı “Yana Seta” nəşriyyatı ilə müvafiq iş aparılacaq, xəritələrin yayılması isə yaxın vaxtlarda dayandırılacaqdır.

 

AzərTac.az