Krım tatarlarının lideri NATO-da qəbul edilib

Posted by

Krım tatarlarının lideri NATO-da qəbul edilib

 

Krım tatarlarının lideri NATO-da qəbul edilib

Krım tatarlarının lideri NATO-da qəbul edilib

 

Mustafa Abdulcəmil Krımoğlu: “Ukrayna ilə müharibə Rusiya üçün sonun başlanğıcı olacaq”

 

Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğlu bu gün Brüsseldə, NATO-nun mənzil-qərargahında yüksək səviyyədə qəbul edilib. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, M. A. Krımoğlu NATO baş katibinin amerikalı müavini, ABŞ-ın Rusiyadakı sabiq səfiri Aleksandr Verşbou (Alexander Vershbow) və 28 üzv dövlətin NATO-dakı səfirləri ilə görüş keçirib.

 

Görüşdən sonra jurnalistlərə açıqlama verən Mustafa Abdulcəmil bildirib ki, Ukrayna ilə müharibə Rusiyanın çöküşünə səbəb olacaq: “Krımdakı mövcud vəziyyət Rusiya dövlətinin avantürasıdır. Bu, nə Krım tatarlarının, nə də Ukraynanın xeyrinədir və Rusiyanın özünə də fayda gətirməyəcək. Ukrayna ilə müharibə Rusiya üçün sonun başlanğıcı olacaq və onun çökməsinə gətirib çıxaracaq. Lakin bu aqibət təhlükəlidir, çünki söhbət nüvə dövlətinin dağılmasından gedir”.

 

M. A. Krımoğlu Krım tatarlarının yarımadaya BMT sülhməramlılarının yeridilməsini istədiyini söyləyib. O, bunun üçün Təhlükəsizlik Şurasının qərarının tələb olunduğunu və Rusiyanın mütləq belə bir qərara veto qoyacağını anladığını vurğulayıb: “Lakin hər halda, bu proseduru başlatmaq lazımdır”.

 

Krım tatarlarının lideri qeyd edib ki, yaranmış vəziyyətdə Qərbin daha fəal reaksiyasına ümid edirdi: “BMT-nin və ya NATO-nun qüvvələri o vaxt gücdən istifadə edir ki, çoxlu qan axsın. Biz isə istəyərdik ki, güc tətbiqi üçün bizim qırğına məruz qalmağımızı gözləməsinlər. Problem bundadır. Bizə cavab verdilər ki, güc tətbiqindən söhbət getmir, müəyyən tədbirlər paketi hazırlanıb ki, bunlar Rusiyaya – əgər bu dövlət Ukraynanın ərazi bütövlüyünə hörmət göstərməsə – baha başa gələcək. Yaxşı, bəs Rusiya bu əvəzi ödəməyə hazır olsa və hər şeyə rəğmən bizim ərazimizi tutsa necə?.. Bax, bu suala mən heç cür cavab ala bilmirəm”.

 

M. Abdulcəmil Krımoğlu NATO təmsilçilərini və avropalı diplomatları Krımdakı referendumun nəticələrini diqqətə almamağa çağırıb: “Bu, seçici fəallığından və ya seçicilərin iradəsindən deyil, bizim ərazimizə qoşun yeridənlərin arzusundan asılıdır və nəticələr əvvəlcədən müəyyənləşdirilib. Belə bir referendumun – üstəlik hərbi işğal vəziyyətində – keçirilməsi elementar demokratik normaların ələ salınması deməkdir”.

 

 

Apa.az