Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əsasnaməsi təsdiq edildi

Posted by

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; kiçikhəcmli gəmilərin, yanalma körpülərinin və dənizkənarı kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Trend.az