Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təqdim edilib

Posted by

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təqdim edilib

Dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan vilayəti qubernatorunun Administrasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təntənəli şəkildə təqdim edilmişdir.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Leyla Əliyevaya ordeni Həştərxan və Qamızyaq mitropoliti İona təqdim etmişdir.

Mərasimdə Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill 2013-cü il 1 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə görə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etmişdir.

Bu təltifin yüksək statusu onunla təsdiq edilir ki, həmin ordenlə kilsə, dövlət və cəmiyyət qarşısında müxtəlif sahələrdə xidmətləri olmuş qadınlar təltif edilir. İndiyədək Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülmüşlər.

Həmin gün, həmçinin Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin arasında görüş olub.

 

Qubernator Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilib: “Bu gün də Heydər Əliyev Fondunun dəstəyi ilə təntənəli tədbirlər həyata keçiriləcəkdir”.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qubernator Aleksandr Jilkinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd etmişdir ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirmişdir, bu gün knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçiriləcəkdir.

 

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, habelə Həştərxan vilayətindəki Azərbaycan diasporunun rəhbərləri iştirak etmişlər.