Gəncədə “Əmək yarmarkası” keçirilib

Posted by

Gəncədə “Əmək yarmarkası” keçirilibGəncədə “Əmək yarmarkası” keçirilib

Gəncədə “Əmək yarmarkası” keçirilib

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən Partiyanın Qərargahında “Əmək yarmarkası” təşkil edilib.

Tədbirin məqsədi qeyri-məşğul əhalinin, xüsusilə sosial müdafiəyə ehtiyacı olan işsiz vətəndaşların münasib işlə təmin edilməsi, onların ixtisasdəyişmə və peşə hazırlığı kurslarına cəlb edilməsi, haqqı ödənilən ictimai işlərə göndərilməsinə köməklik göstərmək olub.

“Əmək yarmarkası”nda Gəncə şəhərində fəaliyyət göstərən 66 idarə, müəssisə və təşkilat 400-dən yuxarı aidiyyatı üzrə ixtisaslaşmış iş yerləri ilə iştirak edib.

Yarmarkada iştirak edən müəssisələrdən 41–i dövlət, 25-i isə özəl təşkilatdır və vakant yerlərdən 159-u fəhlə, 124-ü qulluqçu, 130-u isə xidmət yerləridir. Bu iş yerlərinin 230-u dövlət, 183-ü özəl təskilatlardan daxil olub. Əmək haqlarının məbləği 104 -695 manat arası dəyişir. 10 iş yeri kvota üçün nəzərdə tutulub.

Məşğulluq İdarəsinin müdiri Abel Tağıyev bizimlə söhbət zamanı bildirdi ki, son 2 ildə keçirilən əmək yarmarkalarında 700 nəfərdən çox vətəndaş işlə təmin olunub. Vətəndaşların arzu və istəklərinə diqqətlə yanaşır, işlə bağlı müraciətlərinin yerinə yetirilməsinə lazımi kömək göstəririk. Bu gün keçirilən “Əmək yarmarkası” nda daha çox iş yerləri təklif edən səhiyyə, təhsil, mədəniyyət müəssisələridir. Göründüyü kimi, hər bir sahədə yüksək ixtisaslı və peşəkar kadrlara böyük ehtiyac var. Şübhəsiz ki, bu gün iş üçün gələn vətəndaşların əksəriyyəti istəklərinə uyğun iş tapa biləcəklər.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin 4-cü kurs tələbəsi Ayşən Yolçuyeva sevinclə bildirdi ki, bu gün mən “Əmək yarmarkası”na böyük ümidlərlə gəldim və arzuladığım işi tapdım. Ölkəmizdə gənclərə göstərilən hərtərəfli diqqət və qayğının bir daha şahidi oldum. “Əmək yarmarkası” nda iştirak edənlərin əksəriyyəti gənclərdir. Mənə belə gəlir ki, bu gün sevinənlərin də çoxu gənclər olacaq.

Sonra Ülfət Hüseynova, Orxan Məmmədova, Vüqar Bayramova yaxınlaşırıq. Bildirirlər ki, burada ixtisaslarına uyğun yüksək maaşlı iş tapmaq arzusundadırlar. Gəncədə son illər aparılan abadlıq –quruculuq işləri onların hər birini ürəkdən sevindirir, daha yaxşı işləməyə ruhlandırır, seçdikləri sahədə uğurlar qazanmaq, doğma Vətənə layiqli töhfələr vermək niyyətindədirlər. Bu niyyətlərinin “Əmək yarmarkası”nda gerçəkləşəcəyinə əmindirlər.

Gəncə Dövlət Universitetinin tələbələrindən Samiq İsayev, Murad Həsənov, Səbuhi Hümbətov isə təhsillərini artırmaq, asudə vaxtlarında müvafiq bir işlə məşğul olmaq məqsədi ilə tədbirə gəliblər. Bir neçə təşkilata müraciət etdikdən sonra “Gələcəyə Körpü” Gənclər Birliyinin masası önündə ayaq saxlayırlar. Burada müxtəlif sahələr üzrə bukletlər onlara təqdim olunur və iş haqqında məlumatlar verilir. Gənclər arzuladıqlarını tapdıqları üçün sevinirlər.

Hər dəfə insanlara, xüsusən gənclərə böyük ümid, sabaha inam, müjdə sevincləri gətirən, sosial- iqtisadi, ictimai-mədəni inkişafımıza mühüm təsir göstərən “Əmək yarmarkası” bu dəfə də insanlara sonsuz məmnunluq, fərəh hissi gətirdi.

 

Trend.az