Fövqəladə Hallar Nazirliyinin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar mərasim keçirilib

Posted by

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar mərasim keçirilib Kəmaləddin Heydərov: “Nazirliyin fəaliyyətinə daim verdiyi yüksək qiymətə, göstərdiyi diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığımı bildirirəm”

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar mərasim keçirilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının doqquzuncu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar mərasim keçirilib.

 

APA-nın məlumatına görə, FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirlik əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar qazanıb. K. Heydərov deyib ki, peşə bayramı ərəfəsində nazirliyin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması FHN əməkdaşlarını daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaqla, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

 

Diqqətə çatdırılıb ki, cari ildə nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati, xidməti bina və qurğuların tikintisi, köhnə obyektlərin bir qismində əsaslı təmir və yenidənqurma işləri davam etdirilib. Ötən illərdə olduğu kimi, cari ildə də fövqəladə hallar orqanları dövlət quruculuğu işlərində öncüllər sırasında olub, vətəndaşlarımızın əmin-amanlıq şəraitində yaşaması, onların və əmlaklarının təhlükəsizliyini etibarlı təmin ediblər. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə il ərzində müvafiq tədbirlər davam etdirilib, o cümlədən yanğından mühafizə sahəsində əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb.

 

FHN-nin fəaliyyətinə daim verdiyi yüksək qiymətə, göstərdiyi diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirən nazir dövlətimizin başçısını əmin edib ki, fövqəladə hallar orqanlarının əməkdaşları bundan sonra da ölkə əhalisinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması kimi çox məsuliyyətli, eyni zamanda, şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcək, daim yeniləşən və inkişaf edən Azərbaycanın qurucularının ilk sıralarında gedəcəklər.

 

Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.

 

Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim edib.

 

Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar.

 

Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə qeyd edilib ki, ötən 9 il ərzində fövqəladə halların aradan qaldırılması istiqamətində böyük işlər görülüb, maddi itkilərin həcmi xeyli azalıb, insan itkisi minimuma endirilib: “Bu gün fövqəladə hallar orqanları işini günün tələbi səviyyəsində qurur. Ötən müddət ərzində qazandığımız hər bir uğurun əsasında sizin FHN-nin şəxsi heyətinə göstərdiyi qayğı dayanır. Nazirliyinin əməkdaşlarının təltif edilməsi diqqətin bariz nümunəsidir. Buna görə sizə dərin minnətdarlıq bildiririk. Əmin edirik ki, əhalinin və ərazinin fövqəladə hallardan qorunmasına hər zaman hazır olacağıq”.

 

Tədbirdə nazirliyin 2015-ci il üçün Fəaliyyət Planı da təsdiqlənib. K. Heydərov bildirib ki, bu gün FHN əməkdaşları Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşamağı, işləməyi, istirahət etməyi istiqamətində çalışıb :” Bir daha FHN şəxsi heyəti və öz adımdan prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür etmək istəyirəm. Prezident nazirliyin müasir avadanlıqlarla təmin olunmasına, kadr potensialının inkişafına xüsusi diqqət yetirib. Bir daha prezidentə təşəkkürümüzü bildirirəm”.

 

 

Apa.az