Fuad Muradov: Elmi institutlarda bütün inzibati vəzifələr çox yaşlı insanları öz sırasında saxlayıb

Posted by

Fuad Muradov: Elmi institutlarda bütün inzibati vəzifələr çox yaşlı insanları öz sırasında saxlayıbFuad Muradov: Elmi institutlarda bütün inzibati vəzifələr çox yaşlı insanları öz sırasında saxlayıb

Fuad Muradov: Elmi institutlarda bütün inzibati vəzifələr çox yaşlı insanları öz sırasında saxlayıb

 

“Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi son islahatları çox müsbət qiymətləndirirəm. Amma bəzi məsələlər var ki, onlara toxunmaq istərdim. Qeyd edim ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasət sosial layihələrin dəstəklənməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan Azərbaycan gəncləri adından deyə bilərəm ki, bu gün həyata keçirilən əksər layihələr gənclər üçün çox lazımi və faydalıdır”. Trend-in məlumatına görə, bu sözləri ötən gün Milli Məclisin iclasında çıxış edən deputat Fuad Muradov deyib.

 

O, işsizliklə bağlı məsələlərdən danışarkən bildirib ki, Azərbaycan İtaliya, İspaniya və Yunanıstanla müqayisədə uğurlara imza atıb.

 

F.Muradov qeyd edib ki, işsizliklə bağlı bəzi həqiqətləri vurğulamaq lazımdır: “Almaniyada işsizliyin qarşısı daha çox elmi-innovativ istiqamət üzrə alınıb. Azərbaycan gənclərinə bu gün elmlə məşğul olmaq üçün bəzi hallarda lazımi şərait yaradılmır. Bizim əsas məqsədimiz elmin cəlbedici olmasıdır. Sadəcə olaraq büdcədən maliyyə artırmaqla heç nəyə nail olmayacağıq. Əksər hallarda elmi institutlarda bütün inzibati vəzifələr çox yaşlı insanları öz sırasında saxlayıb. Bir sıra hallarda onlar gənclərə imkan vermirlər ki, orada müəyyən innovativ işlərlə məşğul olsunlar. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi büdcədə işsizliyə görə 6 milyon vəsait ayrılıb. Bilmək istərdim ki, bu məbləğ necə müəyyən edilir və hansı prioritet üzrə bölünür”.

 

Deputat bankomat çatışmazlığı ilə bağlı iradlara toxunaraq qeyd edib ki, bu məsələ spesifikdir: “Belə ki, banklar tərəfindən ayrı-ayrı ərazilərdə qurulan bankomatlar onların rentabelliyi ilə ölçüldüyü üçün yeri gəldi-gəlmədi bu bankomatların quraşdırılması tələbinə xüsusi yanaşma vacibdir”.

 

Milli Məclis üzvü bildirib ki, 2015-ci ilin dövlət büdcəsindən hamiləliyə və doğuşa görə 24 milyon, uşağın anadan olmasına görə 6 milyon, 3 yaşına çatana qədər uşaqların qulluğuna görə 8 milyon vəsait ayrılır: “Dünyada belə bir təcrübə var ki, uşağın anadan olmasına görə birdəfəlik sanballı maliyyə ayırmaq lazımdır. Birədəfəlik bu adam planlaşdırmalıdır ki, onun uşağı anadan olandan sonra müəyyən məbləğdə vəsait alacaq. Biz anadan olan uşaq üçün 6 milyon, dəfn üçün isə 13 milyon 434 min manat pul ayırırıq. Azərbaycanda demoqrafik situasiya onu göstərir ki, ölkədə daha çox artım var. Artım olan halda dəfn və uşağın anadan olması üçün müəyyən edilən vəsaitlərdəki bu qədər fərq nəyə lazımdır?”

 

Bununla yanaşı, deputat vurğulayıb ki, Qarabağ əlilləri ilə bağlı mütləq xüsusi yanaşmaya ehtiyac var: “Qarabağ əlilləri, veteranları ilə bağlı proqramları inkişaf etdirməliyik. Bunlar hamısı işsizliyin aradan qaldırılması, dövlət tərəfindən qayğının artırılması, həm də inkişafla bağlı sürəti artıran amildir. Bu baxımdan bizim bütün istiqamətimiz məhz büdcənin gücləndirilməsi, onun dövlət tərəfindən düzgün həyata keçirilməsi, eyni zamanda, nəzarətindən ibarət olmalıdır. Sosial Müdafiə Fondu müavinətlərin verilməsi istiqamətində kadr siyasətinə çox ciddi yanaşmalıdır. Düşünürəm ki, Sosial Müdafiə Fondu sahə işçiləri, rəisləri ilə bağlı xüsusi işlər aparmalıdır ki, onlar insanlarla davranışlarına fikir versinlər. Bu gün bizə təqdim edilən büdcə Azərbaycanın uğurlu büdcəsidir. Dünyada, xüsusən də Avropa ölkələrində maliyyə-iqtisadi böhran davam edir. Hələ də bu proses uzun çəkəcək”.

 

Trend.az