Fransa şirkəti ilə “28 May” metrostansiyasında yeni tunelin tikintisi üzrə müqavilə imzalandı

Posted by

Fransa şirkəti ilə "28 May" metrostansiyasında yeni tunelin tikintisi üzrə müqavilə imzalandıFransa şirkəti ilə “28 May” metrostansiyasında yeni tunelin tikintisi üzrə müqavilə imzalandı

Fransa şirkəti ilə "28 May" metrostansiyasında yeni tunelin tikintisi üzrə müqavilə imzalandı

Fransanın “Bouygues Travaux Publics, LLS” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni tunelin tikintisi (Qırmızı və Yaşıl xətlərin ayrılması) işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb. Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçərişəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 May” stansiyasında kəsişir və bu da öz növbəsində, qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlararası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçərişəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” – “28 May” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu özünü “28 May” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.

 

Məlumata görə, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçərişəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 May” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq.

 

Müqavilə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Bouygues Travaux Publics, LLS”-in beynəlxalq əlaqələr üzrə icraçı direktoru Jan-Denis Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

 

Xatırladaq ki, bu işlərin görülməsi ilə bağlı anlaşma memorandumu 12 may 2014-cü il tarixində Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı imzalanmışdı.

 

Trend.az