FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini: “Tikinti işləri bizə məlumat verilmədən aparılır”

Posted by

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini: “Tikinti işləri bizə məlumat verilmədən aparılır”

 

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini: “Tikinti işləri bizə məlumat verilmədən aparılır”

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini: “Tikinti işləri bizə məlumat verilmədən aparılır”

 

“Bakıda bina və obyektlərdə yanğın halları azalıb, ancaq ölüm halları artır”. APA-nın məlumatına görə, bunu “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2013-cü ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov deyib. O bildirib ki, bunun səbəbi bina və obyektlər tikilərkən təhlükəsizliklə bağlı normativlərə əməl edilməməsidir: “Tikinti işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat verilmədən aparılır. Binaların istismara qəbulu ilə bağlı komissiyada bizim əməkdaşlarımız var. Qəbul zamanı yüksək gərginlikli xətlər, neft quyuları və digər mühafizə zolaqlarında binaların tikildiyi halları aşkarlanır. Bakıda mütəmadi olaraq belə hallarla üzləşirik”.

 

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Tikinti şöbəsinin rəisi Cəlal Tanrıverdiyev isə qeyd edib ki, binalar, obyektlər tikilərkən su təchizatı nəzərə alınmır, bina və obyekt tikilib başa çatandan sonra isə yaxınlıqda su mənbəyinin olmadığı üzə çıxır: “Obyektlərin istismara qəbulu ilə bağlı mənfi rəy verildikdən sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yerli icra hakimiyyətləri orqanına məlumat versələr də, həmin orqanlar bu müraciətlə baxmırlar. Tutaq ki, Bakıda 17 mərtəbəli yaşayış binası tikilir, 17 mərtəbədə texniki qurğular yerləşdirilməli olsa da, texniki qurğular binanın damına çıxarılır. Bu, düzgün deyil”.

 

A. Kazımov xatırladıb ki, yeni binaların çoxunda istilik sistemi yoxdur, insanlar propan balonu qoyub yemək bişirirlər: “Bu propan balonları nə vaxtsa partlamalıdır”.

 

A. Kazımov digər ciddi problemin Bakıda 1960-cı illərdə tikilmiş yanğın su hovuzlarının əksəriyyətinin artıq yararsız duruma düşməsi ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, nə rayon icra hakimiyyətləri, nə də “Azərsu” həmin su hovuzlarına xidmət göstərmir və bu hovuzların onların balansında olmadığını söyləyirlər: “Tutaq ki, binada yanğın baş verib, yanğınsöndürmə maşını da yanğın baş verən binaya çatıb, 8 dəqiqə su vuracaq, bəs sonra? Bizi ən çox narahat edən qocalar evi, uşaq bağçaları və məktəblərdir. Məktəblərin yanğın kranlarının 90 faizi yararsızdır, yaxud yararlıdırsa, su yoxdur. Məktəb direktoru da nə qədər maaş alır ki, su hovuzunun yararlı vəziyyətdə olmasını təmin etsin?! Elə qocalar evi var ki, standartdan kənar sobanın üzərinə qoyub, paltarlarını qurudurlar. İstilik sistemi olsaydı, paltarlarını belə qurutmazdılar. O paltarın yanması 7-8 dəqiqə ərzində 3 nəfərin tüstüdən boğulması deməkdir. Xoşbəxtlikdən, qocalar evi, uşaq bağçaları və məktəblərdə ciddi yanğın halları baş verməyib. Ancaq yanğın su hovuzları problemi çox ciddi problemdir və aradan qaldırılmalıdır”.

 

A. Kazımov məcburi köçkünlər yaşayan yataqxanalarda da yanğın təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğunu açıqlayıb: “Məcburi köçkünlərin yaşadıqları yataqxanalarda dəhlizə şkaflar qoyub, təxliyyə yolunu bağlayırlar. Yaxud, naqillər yüksək gərginliyə dözmür. Yataqxanaların çoxunda hörümçək torundan da bərbad vəziyyətdə elektrik xətləri var”.

 

Rayon icra hakimiyyətləri orqanlarının nümayəndələri yanğın su hovuzlarının kimin balansında olmasının aydınlaşdırılmasını, dövlət büdcəsindən rayon icra hakimiyyətlərinə vəsait ayrılması ilə bu problemin həllini tapa biləcəyini ifadə ediblər.

 

Dövlət Yanğın Nəzarəti Xidmətinin Nəzarət şöbəsinin rəisi Hikmət Cəfərov deyib ki, sovet dövründə layihələndirilən binalarda 100-150 kubmetrlik su hovuzları tikilib: “Bu binalar kimi, ərazidə olan yanğın su hovuzları da birbaşa mənzil-kommunal istismar sahələrinin balansındadır”.

 

Apa.az