FAO: Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsi aşağıdır

Posted by

FAO: Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsi aşağıdır

FAO: Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsi aşağıdırFAO: Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsi aşağıdır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 16 oktyabr – Ümumdünya Ərzaq Günü, eyni zamanda, FAO-nun yaranması günü münasibətilə hesabat hazırlayıb. Hesabatda Azərbaycanla bağlı məsələlərə də geniş yer ayrılıb.
Təşkilatın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sənəddə göstərilir ki, FAO-nun Avropa və Mərkəzi Asiya regionunda apardığı tədqiqatların, 2030 və 2050-ci illər üzrə proqnozlarının nəticəsinə əsasən, 3 regionda – Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya və Türkiyədə üç əsas uzunmüddətli problem aşkar olunub.
2050-ci ilə qədər olan proqnozlara əsasən, Avropa və Mərkəzi Asiya regionunda aclıq səviyyəsinin azalacağı, həmçinin taxıl məhsullarının istehlakının azalacağı, ət və süd məhsullarının istehlakının isə artacağı gözlənilir. Belə qidalanma piylənmə hallarının çoxalmasına gətirib çıxaracaq ki, bu da ürək xəstəlikləri kimi xroniki və qeyri-infeksion xəstəliklər üzrə risk faktorudur.
Regionda taxıl bitkilərinin istehsalının hazırkı vəziyyəti və proqnoz olunan istehsalın müqayisəsi göstərir ki, taxıl bitkilərinin hazırda əsas istehsalçısı olan və növbəti illərdə də bu tendensiyanı davam etdirəcək 3 subregionda – Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya və Türkiyə – istehsal səviyyəsi potensialdan xeyli aşağı olacaq. Region üçün məhsuldarlığın artımı çox mühümdür, çünki məhsuldarlıqda artım fermer gəlirlərinin artımı deməkdir: “Azərbaycanın da daxil olduğu Qafqaz və Orta Asiya regionunda kiçik fermer təsərrüfatlarında məhsuldarlığın artması müşahidə olunmur. Qarşıda duran əsas məsələ fermer təsərrüfatlarının inkişafına və bazarlara çıxışının təmin olunmasına dəstək verməkdir. Bəzi hallarda faktiki məhsuldarlıq potensial məhsuldarlıqdan 40% aşağıdır. Bu situasiyanın yaxşılaşdırılması kənd yoxsulluğunun qarşısını ala bilər”.
Hesabatda bildirilir ki, dünyada artıq kifayət qədər ərzaq var, lakin 870 milyon insan yenə aclıqdan əziyyət çəkir. Aclığın əsas səbəbi ərzaq məhsullarına çıxışın olmamasıdır. Dünyada istehlak üçün istehsal edilən ərzağın üçdə bir hissəsi – bu da illik əsasda təxminən 1,3 milyard tondur – itirilir və ya tullanılır. Problemlərin qarşısını almaq üçün innovativ və dayanıqlı yanaşmaların tətbiqinə ehtiyac var.
Təşkilatın gəldiyi nəticəyə əsasən, Avropa və Mərkəzi Asiya regionu ölkələri üçün əsas məsələlərdən biri uzun müddətdə ətraf mühitin mühafizəsini təmin edən davamlı kənd təsərrüfatı istehsalına nail olmaqdır. Kimyəvi və digər gübrələrdən istifadə də narahatlıq doğuran bir faktordur. Regionda 2050-ci ilə qədər belə gübrələrdən istifadənin 20%-dək artacağı proqnozlaşdırılır. Kimyəvi gübrələrin nəzarətsiz tətbiqi yeraltı suların çirklənməsinə, ərzaq məhsullarının istehsalı və satışı sistemində təhlükəli tullantıların yığılmasına gətirib çıxara bilər.
Qafqaz və Mərkəzi Asiya ölkələrində onların daha çox inkişaf etmiş qonşu ölkələri ilə müqayisədə kimyəvi preparatlardan istifadənin xeyli aşağı səviyyədə olmasına baxmayaraq, bu ölkələr su resurslarından yüksək, intensiv istifadə edirlər. Regionda olan problem su qıtlığı deyil, suyun daşınması və istifadəsində köhnəlmiş və sıradan çıxmış sistemlərin mövcudluğudur ki, bu da xeyli səviyyədə su itkisi və sudan səmərəsiz istifadə ilə nəticələnir. Bu baxımdan, su itkisinin azaldılması məqsədilə bu sistemlərin bərpası, saxlanılması və təsərrüfat səviyyəsində su idarəçiliyinin yaxşılaşdırılması regionda su stressinin azaldılması istiqamətində ilkin addım hesab olunur. Bu gün Şərqi Avropanın 12 ölkəsində, Qafqaz və Orta Asiya ölkələrində 200 min ton pestisid qalıqları mövcuddur ki, bu da bütün dünya üzrə pestisid qalıqlarının 40%-ni təşkil edir.
Hesabatda göstərilir ki, Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riski müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30-70% təşkil edir.
FAO-nun hesabatında Azərbaycana da geniş yer ayrılıb. Təşkilatın gəldiyi nəticəyə əsasən, son beş il ərzində Azərbaycan neft və təbii qaz ehtiyatlarının əldə edilməsi və ixracı sayəsində misilsiz mənfəətdən bəhrələnib: “Demək olar ki, bütün insanların yaşayış şəraiti yaxşılaşıb, Ünvanlı Sosial Yardım isə ən yoxsul ailələri dəstəkləmək üçün istifadə edilir. Yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə enib, lakin bir sıra ailələr gəlir əldə etməkdə və uşaqlarının əsas ehtiyaclarını təmin etməkdə hələ də çətinliklərlə üzləşirlər”.
Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında da Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu vurğulanır: “Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda isə 3095 kilokaloridir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı builki Ərzaq Günündə aşağıdakı üş əsas çağırışları edir: 1. Sağlam qida təhsil, sağlamlıq, sanitariya və digər faktorlarla yanaşı, sağlam ərzaq sistemlərinin olmasını tələb edir; 2. Sağlam ərzaq sistemləri düzgün siyasətlərin, stimulların və idarəetmənin nəticəsində təmin oluna bilər; 3. Yaxşı qidalanma sağlam qida rasionundan asılıdır.