“Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları” mövzusunda “Açıq qapı” günü keçirilib

Posted by

"Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları" mövzusunda "Açıq qapı" günü keçirilib

“Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları” mövzusunda “Açıq qapı” günü keçirilib

"Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları" mövzusunda "Açıq qapı" günü keçirilib

Fevralın 28-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan trend-ə verilən məlumata görə, Forumda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarını uğurla vermiş ehtiyatda olan namizədlər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları, Dövlət Sosial Müdafiə Fondunun gənc əməkdaşları, media mənsubları və digər şəxslər iştrak ediblər.

Forumda açılış nitqi söyləyən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanın ümummili lideri Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin iyul ayında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizinin Dövlət Sosial Müdafiə Fondunda çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayan Fondun sədri diqqətə çatdırıb ki, Fond 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir.

2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlmiş və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Bundan əlavə, dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılması istiqamətində Komissiya ilə birgə əməkdaşlıq həyata keçirilir.

Fondun sədri bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının da xüsusi rolunu qeyd edərək, Fondla Akademiya arasında qurulmuş sıx əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov forumdakı çıxışında Komissiyanın əsas fəaliyyət prinsipləri barədə məlumat verib. Çıxışında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət Sosial Müdafiə Fondu ilə birgə əməkdaşlığına geniş yer ayıran Komissiya sədri bütün dövlət orqanlarında tətbiqinə başlanılması məqsədilə DSMF-nin aparatında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələri barədə də məlumat verib.

Forumda çıxış edən Dövlət İdarəçilik Akademiyasının dekanı Zaur Bağırov vurğulayıb ki, bu sahədə Akademiya dövlət orqanları, o cümlədən Dövlət Sosial Müdafiə Fondu ilə sıx əməkdaşlıq edir. Belə tədbirlərin tərkib hissəsi kimi 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondu ilə Dövlət İdarəçilik Akademiyası arasında elm, təhsil, vətəndaşlara xidmət, davamlı sosial inkişaf və qarşılıqlı maraq kəsb edən digər sahələrdəki əməkdaşlığı əhatə edən memorandum imzalanıb.

Forumda “Azərbaycanın sığorta-pensiya sistemi: sürətli islahatlarla müasirliyə doğru”, “Dövlət qulluğuna qəbul” və “Dövlət qulluğunda irəli çəkilmə” mövzularında təqdimatlar keçirilib.

Müzakirə olunan mövzu ətrafında geniş diskussiyalar aparılıb, iştirakçılarda maraq doğuran suallar tədbirə dəvət olunmuş aidiyyatı qurum rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.

 

Trend.az