DSMF növbəti regional “Açıq qapı günü” – vətəndaş forumunu İmişlidə keçirib

Posted by

DSMF növbəti regional "Açıq qapı günü" - vətəndaş forumunu İmişlidə keçiribDSMF növbəti regional “Açıq qapı günü” – vətəndaş forumunu İmişlidə keçirib

DSMF növbəti regional "Açıq qapı günü" - vətəndaş forumunu İmişlidə keçirib

“Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir. Fonddan Trend-ə verilən məlumata görə, bu barədə oktyabrın 30-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişlidə keçirdiyi “Açıq qapı günü”-vətəndaş forumunda məlumat verilib.

Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan bu regional tədbirə İmişli, Füzuli, Cəbrayıl, Beyləqan, Xocavənd, Ağcabədi, Zərdab, Laçın, Sabirabad və Saatlı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.

Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Ötən dövr ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapmışdır.

Forumda çıxış edən DSMF-nin şöbə müdiri Məmməd Nuriyev bildirib ki, uğurla həyata keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Qeyd edilib ki, beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir.

M.Nuriyev diqqətə çatdırıb ki, respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Məlumat bazasından istifadə etməklə, Fond öz veb səhifəsi və ya elektron hökumət portalı vasitəsilə pensiyaçılar, sığortaedənlər və sığortaolunanlara çoxsaylı elektron xidmətlər göstərir. DSMF vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etmişdir ki, nəticədə məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilmişdir.

Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Cari ildən tətbiq olunan “Sığortaolunanın onlayn uçota alınması” xidməti DSMF-nin əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərindəndir. Bu xidmət vasitəsilə vətəndaşların fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçirilir.

Tədbirdə təqdimatla çıxış edən DSMF-nin sektor müdiri Rüfət Oruclı deyib ki, Fondun 2013-cü ildən tətbiq etdiyi “Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır. Həmçinin, Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Dövlət Sosial Müdafə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm “Elektron hökumət” portalı (www.e-gov.az) vaistəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Bu isə sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilini, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin etmişdir.

Forumda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, sosial sığorta haqlarının onlayn ödənişi və elektron hesabat təqdim edilməsi, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi digər çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, DSMF-nin müasir əsaslarla təşkil edilmiş iş istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasıdır. Bu prosess üç istiqamət üzrə – Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytinda birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir. Həmçinin Fondun elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyətinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Regional “Açıq qapı” günündə iştirakçıların mövzu ilə bağlı təklifləri müzakirə olunub, sualları cavablandırılıb.

 

Trend.az