Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilmişdir

Posted by

Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilmişdir

Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilmişdir

Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilmişdir

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüşmüşdür.

 

Komitədən AzərTAc-a bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında əlaqələrin perspektivləri, Almaniyada Azərbaycan həqiqətlərinin yayılması, bu ölkədə Azərbaycan diasporunun fəaliyyətinin inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

N.İbrahimov Avropa ailəsinin bir üzvü kimi Azərbaycan ilə qitənin aparıcı dövləti olan Almaniya arasında münasibətlərin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulamış və Hans-Ebert Şleyerin rəhbərliyi ilə Almaniya-Azərbaycan Forumu nümayəndə heyətinin Bakıya səfərinin bu istiqamətdə önəmli rol oynayacağını bildirmişdir. Komitə sədri, həmçinin demişdir ki, bu səfər Almaniya mediasında Azərbaycanla bağlı obyektiv məlumatların yayılmasına, Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasına da müsbət təsirini göstərəcəkdir.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin sədri Hans-Ebert Şleyer ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirmişdir. Almaniyada Azərbaycanla bağlı məlumat boşluğunun olmasından danışan H.E.Şleyer bildirmişdir ki, rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən biri də məhz həmin boşluğu aradan qaldırmaqdır. Bu istiqamətdə mütəmadi olaraq bir sıra layihələr həyata keçirilir ki, onlardan biri də bu günlərdə alman jurnalistlərin Bakıya təşkil olunmuş səfəri idi. H.E.Şleyer Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu sahədə qazanılmış uğurların təbliğinin mühüm əhəmiyyət daşıdığını demişdir.

Forumun İdarə Heyətinin üzvü, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmayılova Azərbaycan diasporunun alman cəmiyyətinə inteqrasiyası ilə bağlı əldə edilmiş uğurlardan danışmışdır.

Görüşdə iştirak edən Almaniyanın tanınmış jurnalisti, publisist Riçard Kessler alman mətbuatında Azərbaycan həqiqətlərinin yayılması istiqamətində ciddi iş aparıldığını bildirmiş, Azərbaycan haqqında 45 dəqiqəlik sənədli filmin çəkildiyini və bir həftə əvvəl bir qrup alman jurnalistin Bakıya səfər etdiyini buna misal olaraq göstərmişdir.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin digər üzvü, keçmiş diplomat Hans-Frederik von Ploetz ölkələr arasında əlaqələrin inkişafında gənclərin rolunu xüsusi qeyd etmişdir. O, Almaniyanın Azərbaycan ilə tələbə-gənclər mübadiləsi sahəsində əlaqələr qurmasının zəruriliyini qeyd edərək demişdir: “Ən yaxşı səfirlər gənclərdir və onlar praktik həyatda gördüklərini öz ölkələrində bölüşürlər”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov Berlində Almaniya və Azərbaycan gənclərinin forumunun təşkilini təklif etmiş və gənclərlə yanaşı, diaspor təşkilatlarının da iştirak edəcəkləri forumun əlaqələrin inkişafında mühüm başlanğıc ola biləcəyini demişdir. Komitə sədri Almaniya-Azərbaycan Forumunun İdarə Heyətində azərbaycanlıların sayının artırılması, təkcə Almaniyada deyil, Azərbaycanda da yaşayan nüfuzlu ictimai-siyasi xadimlərin təşkilatın sıralarına daxil edilməsi təklifini irəli sürmüşdür.

Tərəflər bu təkliflərin müzakirə edilərək reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklərini bildirmişlər.

Martın 29-dək Bakıda olan Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti bir sıra dövlət qurumlarında görüşlər keçirəcəkdir.

 

AzərTac.az