Daxili işlər orqanları şəxsi heyətinin 40 faizini gənclər təşkil edir

Posted by

Daxili işlər orqanları şəxsi heyətinin 40 faizini gənclər təşkil edir

Daxili işlər orqanları şəxsi heyətinin 40 faizini gənclər təşkil edir

Daxili işlər orqanları şəxsi heyətinin 40 faizini gənclər təşkil edir

Martın 14-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı keçirilən test imtahanlarında yüksək nəticələr qazanmış gənclərlə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə daxili işlər naziri qalibləri təbrik edərək son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlətimizin başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşünə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirmişdir. Ölkə rəhbərliyinin gənclərə daim böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 63, o cümlədən 26-sı ali hüquq, 37-si ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxmışdır. R.Usubov test üsulu ilə müsabiqənin keçirilməyə başlandığı 2006-cı ildən indiyədək 555 nəfərin bu yolla daxili işlər orqanlarında zabit vəzifələrinə təyin edildiyini, ümumiyyətlə isə şəxsi heyətin 40 faizinin məhz gənclərdən ibarət olduğunu vurğulamışdır.

Baş kadrlar idarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev bildirmişdir ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məqsədilə “Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi Qaydaları”na əsasən, polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, eləcə də nazirliyin rəsmi internet saytında elanlar verilmişdir. İmtahanları müvəffəqiyyətlə vermiş gənclərin daxili işlər orqanlarında xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanmış və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vakant yerlərə təyin edilmişlər.

Şabran Rayon Polis Şöbəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Vüsal Ələkbərzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin, eləcə də test imtahanlarının aşkarlıq, şəffaflıq və obyektivlik şəraitində keçirilməsinə, gənclərə göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirmiş və əmin etmişdir ki, onlar bu yüksək etimadı Vətənə və xalqa sədaqətli xidmətləri ilə doğruldacaqlar.

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov “polis leytenantı” xüsusi rütbəsinin poqonlarını müsabiqənin qaliblərinə təqdim edərək həyatlarında ən əlamətdar günlərdən biri – zabit vəzifələrinə təyin olunmaları münasibətilə təbriklərini çatdırmış, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamış, polis adını daim uca tutmağı, insan hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə daim xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə etmişdir.

 

AzərTac.az