Ceyms Uorlik: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək

Posted by

Ceyms Uorlik: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “RadioFreeEurope”in Ermənistan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü onların son bir neçə il ərzində ilk görüşü idi:

“Və bu bizim hamımız üçün yaxşı xəbər oldu. Biz bu dialoqun davam etdirilməsini səbirsizliklə gözləyirik, çünki münaqişənin sülh yolu ilə həllinə məhz bu cür nail ola bilərik. Bu, doğrudan da iki prezidentlə bağlıdır. Əgər onların bu məsələnin həllində, bir-biri ilə işləməkdə və irəliyə doğru yolların tapılmasında siyasi iradələri varsa, bu baş tutacaq. Minsk qrupu isə öz növbəsində, prosesin irəliləməsinə kömək etmək üçün buradadır”.

C.Uorlik bildirib ki, həll edilməli olan bir sıra mürəkkəb məsələlər var: “Hesab edirəm ki, hər iki tərəf irəliyə yol tapa bilərlər. Bu uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə və davamlı şəkildə nizamlanması bütün tərəflərin maraqlarına xidmət edir”.

Həmsədrin sözlərinə görə, heç kəs müharibə istəmir: “Məsələ də elə buradadır. Biz indi sülh və müharibənin olmadığı vəziyyətdəyik və uzunmüddətli nizamlama yollarının axtarışı yolun özüdür. Bu, regiona yeni çiçəklənmə erası gətirə bilər. Bu, həll edilməsi mümkün münaqişədir. Mən ümid edirəm ki, siyasi liderlər xalq üçün vasitə tapa bilərlər”.

C.Uorlik qeyd edib ki, davamlı sülhün bərqərar edilməsi üçün yolların axtarışı olduqca vacibdir və ABŞ bu işə kömək etmək istəyir: “Biz Minsk qrupunun vasitəsilə işləmək istəyirik, bu formata və yolun tapılmasına sadiqik. Biz rusiyalı və fransalı həmkarlarımızla eyni fikirdəyik və nizamlanmanın əldə edilməsi vasitəsini tapmaq üçün bir komanda şəklində irəliləmək istəyirik”.