Cəmiyyət və qeyri-hökümət təşkilatlari Müşfiq Məmmədli

Posted by

Azərbaycan cəmiyyəti ötən əsrin 90-cı illərindən etibarən Qərb dünyasının siyasi –ideoloji təsirinə məruz qalmaqdadır.Daim insan haqları prinsiplərindən çıxış edərək Azərbaycanın rəsmi qurumlarını siyasi tənqid presi altında saxlayan ABŞ və Qərb , digər tərəfdən qeyri-hökumət təşkilatları(QHT) şəbəkəsinin yaradılması istiqamətində konkret ideoloji-maliyyə-siyasi dəstək addımları ataraq Azərbaycanda əlavə təzyiq və manevr imkanları qazanmışlar.Təəssüf ki ,bu məsələ uzun müddət ölkə rəsmilərinin diqqətindən kənar qalmış,QHT-lər kimi mühüm ictimai və siyasi missiya daşıyan qurumları məhz ölkə problemlərinin həllinə yönəltmək fürsəti itirilmişdir.
Son 10 il ərzində daha da dərinləşərək böhran həddinə çatmış bu problem mütləq öz həllini tapmalıdır. Lakin bu zaman əlaqədar məmurlar sırf inzibati üsullara əl atmaq kimi yersiz və zərərli meyllərdən əl çəkərək problemə daha obyektiv yanaşmalıdırlar.Bir həqiqəti yəqinləşdirmək lazımdır:Azərbaycan iqtidarının bütün addımlarını tənqid edərək pisləmək və ya dəstək verərək tərifləmək məsələyə qeyri-obyektiv yanaşmaqdır. Bəzi iqtidar mənsublarının qeyri-hökümət təşkilatlarına məhz hökümət təşkilatları kimi yanaşmaq cəhdi sonucda bir sira III sektor nümayəndələrinin xaricdəki siyasi dairələrə daha çox meyl etməsinə səbəb olur.
Iqtidar – III sektor münasibətlərindəki gərginliyin digər mühüm səbəbi maliyyələşdirilmədə olan problemlərdir.Yerli sərmayə sahiblərinin bu sahəyə maliyyə ayırmasını təşviq etmək əvəzinə ( məsələn vergi güzəştləri ilə),siyasi –psixoloji qadağalar qoyan iqtidar III sektorun xaricdən maliyyə asılılığını daha da gücləndirmişdir.Bu asılılıq isə sonucda qeyri –hökümət təşkilatlarının yuxarıda qeyd etdiyimiz ABŞ və Qərbin təzyiq şəbəkəsinə daxil olmasına səbəb olur.Axı”pulu kim verirsə ,mahnını da o sifariş edir”.
Iqtidar-III sektor münasibətlərindəki gərginlik mənbələrindən biri də siyasiləşmə problemidir.Bir çox QHT-nin hansısa siyasi quruma yaxın olması da III sektorun müstəqil qüvvə kimi formalaşmasına və ictimai rəydə nə iqtidarın , nə də müxalifətin deyil, məhz cəmiyyətin maraqlarının müdafiəçisi kimi tanınmasına mane olur.
Qeyd edilənlər baxımından ııı sektorun sağlam və dinamik inkişafı ilə bağlı bu təklifləri irəli sürə bilərik:
– QHT-lərin qeydiyyatla bağlı problemləri həll edilməlidir;
– III sektorda xarici sərmayənin rolunun azaldılması ilə həmahəng yerli sərmayənin rolu artırılmalıdır;
– QHT-lərin fəaliyyətində sağlam tənqid meyllərinin gücləndirilməsi məqsədilə onların qaldırdığı problemlərə əməli reaksiya olmalıdır;
– Bu əməli reaksiyalar nəticəsində III sektorun ictimai nüfuzunun qaldırılması ilə yanaşı məhz həmin QHT-lər vasitəsilə həddən artıq siyasiləşmiş , hansısa təzyiq şəbəkəsinin üzvünə çevrilmiş təşkilatlar ifşa edilməlidir;
– QHT amilindən ölkənin əsaslı problemlərinin həllində- Qarabağ, ərazi bütövlüyü, qaçqın və məcburi köçkun ,işşizlik problemləri və s.- yararlanmaq məqsədilə kompleks tədbirlər planı hazırlanmalıdır.
Məhz bu addımlar vasitəsilə Azərbaycana qarşı təzyiq amilinə çevrilmiş QHT –lərin mahiyyətini dəyişərək həm ölkədaxili ,həm də beynəlxalq siyasətimizdə mühüm yardımçı amilə çevirə bilərik.